Bizi “oğurlayırlar”

Cəmiyyət

02.10.2023 - 17:55

Deputat: “Bu, dövlətin təhlükəsizliyi məsələsidir”

Ekspert: “Nə qədər ki, idarəçilik bu səviyyədə davam edəcək…”

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər bəzi hallarda Azərbaycan universitetlərini deyil, Türkiyə və digər ölkələrin universitetlərini seçirlər. Xüsusən bu hal IV ixtisas qrupunda daha çox yaşanır.

Hansı ki, əksər dövlətlər xarici ölkələrdən tələbə idxalı üçün müvafiq proqramlar qəbul edir və bu istiqamətdə ciddi səy göstərir. Belə bir şəraitdə azərbaycanlı istedadlı tələbələrin xarici universitetləri seçməsi ciddi narahatlıqlara yol açır.

Azərbaycanlı tələbəri xaricdə oxumağa təhrik edən səbəblər nədir? Onlar nəyə görə, ölkəmizdə deyil, daha çox xərcə düşməklə xaricdə oxumağı üstün tuturlar? Azərbaycan hökuməti ölkəmizdən tələbə axınının qarşısını almaq üçün hansı addımları atmalıdır?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Anar İsgəndərov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, hər bir abituriyentin xaricdə təhsil almaq hüququ var və buna heç kim qadağa qoya bilməz: “Məsələnin bu tərəfi məlumdur. Xaricdə təhsil alanlar əsasən iki qrupa bölünür: Bunlardan bir qismi Azərbaycanda ali məktəbə qəbul ola bilməyən gənclərdir ki, onlar Türkiyə və keçmiş İttifaq ölkələrinin universitetlərini seçirlər. Çünki bu ali məktəbələrə qəbul attestat və kiçik imtahanlar formasında aparılır. Digər qism isə kifayət qədər yüksək nəticə göstərən məzunlardır ki, onlar da bəzi hallarda xarici universitetləri seçirlər. Burada əsas məqsəd peşəkar mütəxəssis kimi yetişmək istəyi və onların bu imkanı xaricdə görmələri ilə bağlıdır”.

“Nəzərə alanda ki, bəzən xaricdə təhsil alan tələbələr müəyyən dairələrin təsir dairəsinə düşə bilərlər və həssas kateqoriyaya aiddirlər, bu, həm də təhlükəsizlik məsələsidir. Azərbaycan qüdrətli dövlətdir və regionda söz sahibidir. Xüsusən tarixi zəfərdən sonra ölkəmizə qarşı məlum təzyiqlər mövcuddur. Bu xüsusda abituriyentlərimizin yerli ali təhsil müəssisələrində təhsil alması üçün təşviqat işləri gücləndirilməlidir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, “Ali təhsil haqqında” qanun qəbul olunacaq və bu qanundan gözləntilər böyükdür: “Milli Məclisin Elm və təhsil komitəsində “Ali təhsil haqqında” qanun layihəsi müzakirə olunub və plenar iclasa tövsiyyə edilib. Qanun kifayət qədər mükəmməl formada hazırlanıb. Burada xaricdə ali təhsil məsələləri də öz əksini tapıb. Hesab edirəm ki, bu qanunun qəbulundan sonra qeyd etdiyiniz problem də öz həllini tapacaq”.

“Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı və digər qəbul edilən sənədlər, habelə yeni qanun layihəsi ali təhsilin inkişaf etdirilməsi və əlçatanlığının təmin olunması işinin dövlətin elan etdiyi prioritet istiqamətlərdən biri olduğunu söyləməyə əsas verir. Əminəm ki, yaxın gələcəkdə abituriyentlərin yerli universitetlərə cəlb olunması istiqamətində ciddi nəticələr əldə olunacaq”, - deyə İsgəndərov vurğulayıb.

Mövzunu AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədov söyləyib ki, yüksək nəticə göstərən abituriyentlərin xarici universitetləri seçməsi onların öz gələcəyini burada görməmələri ilə bağlıdır: “Çünki Azərbaycanda kifayət qədər ali təhsil müəssisələri olsa da, bu universitetlərdə yetişən peşəkar kadrların sayı azdır. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. Tələbələr yalnız nəzəri və şablon biliklər əldə edirlər. Universitetlərin kitabxanaları qədimi kitablarla doludur. Eleketornlaşma səviyyəsi zəif gedir. Praktik biliklər əldə etmək mümkün deyil”.

“Yəni, ali məktəbi bitirən məzunlar əmək bazarına inteqrasiya oluna bilmirlər. Onlar niyə universitetə daxil olurlar ki?! Məqsəd peşəkar kimi yetişmək və əmək bazarına inteqrasiya olunmaqdır. Bunu həyata keçirə bilmədiklərinə görə xarici universitetləri seçirlər. Çünki orada tədris səviyyəsi yüksəkdir, tədris vəsaitləri yenidir. Tələbə əxz etdiyi biliklərlə əmək bazarına inteqrasiya oluna bilir”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.

Mütəxəssis IV ixtisas qrupu üzrə vəziyyətin daha xaotik olduğu qənaətindədir: “Çünki həkimlik elə bir peşədir ki, yüksək nəzəri və praktik biliklər əldə etmədən bu sahədə uğur qazanmaq mümkün deyil. Azərbaycan Tibb Universitetini bitirən məzunlar sonradan təhsillərini Türkiyədə və digər dövlətlərdə davam etdirirlər. Valideynlər və abituriyentlər də düşünürlər ki, onsuz da xaricdə təhsil mütləqdir və bunu əvvəlcədən həyata keçirirlər”.

“Azərbaycanda ciddi təhsil islahatları həyata keçirilməlidir. İşəgötürənlərlə birlikdə monitorinqlər aparılmalıdır. Həm Elm və Təhsil Nazirliyinin nəzdində, həm də müstəqil fəaliyyət göstərən mərkəzlər var. Onlar bu monitorinqi aparmalıdırlar. Niyə aparmırlar? Çünki bu müəssisələrdə təhsil sahəsində peşəkar mütəxəssislər ya yoxdur, ya da barmaqla sayılacaq qədər azdır. Nə qədər ki, idarəçilik bu səviyyədə davam edəcək, istedadlı abituriyentlərimiz xaricdə təhsilə üstünlük verməkdə davam edəcəklər”, - deyə Əsədov fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev