Bizə yaşatdıqları 30 il sonra başlarına gəldi - Ermənistanda qaçqın böhranı

Aktual

11.03.2024 - 14:20

Erməni iqtisadiyyatı Qarabağdan gələnləri qaldıra bilmir və üstəlik: miqrantlar Ermənistanı da təkr etməyə başlayıblar

Qarabağı könüllü tərk edən ermənilərin 15%-i artıq Ermənistanı tərk edib. Bunu iqtisad elmləri doktoru, professor, “Alternativ” Araşdırmalar Mərkəzinin rəhbəri Tatul Manaseryan “Sputnik Ermənistan”ın mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinin ölkədən getməsi əsasən məşğulluqla bağlı çətinliklərə görədir: “Əmək bazarındakı vəziyyəti Ermənistana əmək miqrantlarının kütləvi axını daha da gərginləşdirir. Təkcə Hindistandan Ermənistana 14 minə yaxın əməkçi miqrant gəlib. Ermənistan iqtisadi artıma görə Aİİ-yə liderlik edir, lakin buna baxmayaraq, ölkədə yoxsulluğun səviyyəsi artıq üçüncü ildir ki, artmaqdadır. Rəsmi məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 42%-dir, lakin ekspertlərin hesablamalarına görə, Şirak bölgəsində bu rəqəm 60%-i ötüb”.

Professor bildirib ki, 2023-cü ildə Ermənistan iqtisadiyyatının strukturu pisləşib: “Üstəlik, ərzaq, içki və geyim istehsalı da azalıb. Müvafiq olaraq, iqtisadiyyatın bu sahələrindən məhsulların ixracının həcmləri də azalıb ki, bu da ixrac sektorunda ciddi problemləri əks etdirir”.

Əgər belədirsə və erməni ekspertlərin özləri də bu haqda danışırlarsa, bu, o demək deyilmi ki, Qarabağ ermənilərinin bir hissəsinin öz evlərinə potensial qayıdışı məsələsi tədricən gündəmdən çıxır? Axı onlar Ermənistanın özündən başqa ölkələrə gedəcəklər.

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

“Ukrayna Prizması” Xarici Siyasət Şurasının eksperti Oleksandr Krayev:

“Ermənistan iqtisadiyyatında vəziyyət həqiqətən də son dərəcə ağırdır. Yəni, bir tərəfdən biz görürük ki, adi iqtisadiyyatlara miqrant axını (o cümlədən, öz biznesi, müəyyən əmanətləri, imkanları, cəmiyyətə potensial yüksək inteqrasiyası ilə) böyük bir artım kimi qəbul edilir. Amma bu halda bunun əksi doğrudur – iqtisadi problemlərin və sosial problemlərin artması müşahidə edilir. Onların həllinin mümkünsüzlüyü isə bu miqrantların Qarabağdan tamam başqa ölkələrə axınına səbəb olur.

Bunu necə izah etmək olar? Çünki prinsip etibarı ilə Ermənistanda siyasi qeyri-sabitlik, hərbi məğlubiyyətlər var və indi biz Rusiya ilə münasibətlərin korlanmasından qaynaqlanan xarici siyasətdə qeyri-sabitlik görürük və bütün bunların fonunda təbii ki, iqtisadiyyat sadəcə olaraq, üzləşdiyi çətinliklər öhdəsindən gələ bilmir.

Ola bilərmi ki, bu cür insan axını davam etsin? Əlbəttə! Ona görə ki, indiyədək Ermənistan hökuməti bu problemi sistemli şəkildə həll etmək üçün heç bir addım atmayıb. Yəni bəzi məqsədyönlü investisiyalar, yerlərdə bəzi məqsədyönlü sosial proqramlar miqrantların üçdə birindən də azının problemini həll edə bilər.

Amma əksəriyyət üçün məsələ əslində, nisbətən desək, mühacirətini necə bir şəkildə davam etdirməklə bağlıdır. Nəzərə alsaq ki, erməni diasporları hələ də bir çox ölkələrdə, məsələn, Qərbdə kifayət qədər nüfuzlu sosial-iqtisadi qüvvədir, o zaman bu insanlar yenidən yeni yerdə iş, məşğulluq, əlaqə axtarırlar. Buna görə də, onlar üçün bu, məsələn, Afrika və ya Yaxın Şərqdəki müharibə bölgələrindən olan bir çox miqrant üçün olduğu kimi nəhəng bir problem olmayacaq. Yəni Ermənistan üçün vəziyyət gərginləşəcək.

Prinsipcə, belə bir strateji problem də var - Ermənistanın özündə yoxsulluqdan əziyyət çəkən bir çox insanlar, hətta Qarabağdan gəlməyənlər belə, hələ də mühacirət yolunu tutacaqlar, sadəcə olaraq xaricdə hardasa özləri üçün daha yaxşı perspektivlər görəcəklər”.

Rusiya Elmlər Akademiyasının Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin:

“Qarabağın erməni millətindən olan keçmiş sakinlərinin öz evlərinə qayıtmaq imkanlarının mövcud olmaması daha çox iqtisadi səbəblərə görə deyil. Burada iqtisadiyyatın əhəmiyyəti yoxdur. Azərbaycan rəhbərliyinin son bəyanatları göstərir ki, hazırda bu insanların Qarabağa qayıtması üçün heç bir ilkin şərt yoxdur, çünki bu məsələ Bakı üçün azərbaycanlı qaçqınların Ermənistana qayıtması problemi ilə bağlıdır. Bu, prinsipcə, bu gün olduqca fantastik görünür, çünki bunun üçün hələ heç bir hüquqi əsas yoxdur.

Bu məsələ Ermənistan rəhbərliyi üçün kifayət qədər həssas ola bilər, çünki Ermənistan ictimaiyyəti üçün bu, yenidən Bakını tərk etmiş ermənilərin geri qaytarılması məsələsi ilə bağlı olacaq. Və burada əmlakın qaytarılması ilə bağlı bir sıra məsələlər yarana bilər ki, bu da, prinsipcə, indiki mərhələdə ümumiyyətlə mümkün deyil.

Ona görə də belə bir şəraitdə, təbii ki, Qarabağı tərk edib ağır iqtisadi vəziyyət yaşayan Ermənistana gələnlər, öz evlərinə qayıtmaq perspektivlərinin kifayət qədər qeyri-müəyyən olduğunu başa düşənlər daha yaxşı həyat, o cümlədən köçmək imkanları axtarırlar. İqtisadi vəziyyətin daha yaxşı olduğu digər ölkələrə, hətta sıfırdan başlamaq üçün şərait daha yaxşı ola bilər.

Müvafiq olaraq, mənə elə gəlir ki, ilk növbədə bu iqtisadi amil və yaxın vaxtlarda vətənə qayıtmağın mümkünsüzlüyü həmin insanların Ermənistandan köçməsi üçün şərtləri diktə edir”.

Müəllif: Rauf Orucov