Biz niyə bir-birimizə bu qədər nifrət edirik? – Endirin o bıçaqları!

Cəmiyyət

10.05.2023 - 18:11

Rəşid Cabbarov: “Bəzi insanlar yeni dəyərlər sisteminə inteqrasiya etməkdə çətinlik çəkirlər”

Ramil Nəcəfli: “Kişilərin işsizliyi, qadının cəmiyyətdəki rolunun artması ailədaxili şiddəti doğuran əsas səbəblərdən biridir”

Mayın 7-də tanınmış plastik cərrah və proktoloq Türkan Gündüz Türkiyə vətəndaşı olan  həyat yoldaşı Məhəmməd Gündüz tərəfindən qətlə yetirilib. İlkin ehtimallara görə, hadisənin baş verməsinə qısqanclıq səbəb olub.

Ümumiyyətlə, son zamanlar cəmiyyətdə aqressiv davranış, bundan doğan cinayətlərin sayının artması narahatedicidir. Məsələn, idman zalında 7 yaşlı uşağa qarşı törədilmiş amansızlıq, daha sonra qazilər arasında baş vermiş insident və s. həyəcan siqnalı sayılır.

İnsanların bir-birinin, hətta doğmalarının belə, canına qəsd etməsinin səbəbləri nədir? İnsanlar niyə çıxış yolunu bir-birini qətlə yetirməkdə görürlər? Bu cür qətllər nədən qaynaqlanır – işsizlikdən, sosial problemlərdən, ailədaxili xəyanətlərdən, cinayətlərin çoxalmasından, yoxsa digər səbəblər mövcuddur?

Psixoloq alim Rəşid Cabbarov AYNA-ya şərhində deyib ki, informasiya stressinin çoxalması insanlar arasında rəqabət meyllərini və psixoloji gərginliyi artırır: “Şübhəsiz ki, qətllər müxtəlif səbəblərdən qaynaqlanır. Bu sırada qısqanclıq, ailə daxilində olan şiddət, sosial-iqtisadi problemlər, məşğulluq, işsizlik, ümidsizlik, depressiya və ən müxtəlif səbəbləri göstərmək olar. Bəzi qətlləri intiharlarla eyniləşdirmək olar. Adamlar bəzən yaşamağın mənasız olduğunu düşünürlər. Belə olduqda onlar öz canlarına qəsd etmək istəyir və bunu bacarmadığına görə digərlərini qətlə yetirirlər”.

“Çox təəssüf ki, son dövrlər bu cür cinayətlərin xarakteri də dəyişib. Cinayət hadisələri əsasən insanların psixikasında, düşüncə və davranışında baş verən dəyişikliklərin davamı olaraq ortaya çıxır. Buna görə də, illərin stereotipini qırmaq, yaxın dostlarla, sirdaşlarla paylaşmaq, qapalı həyat tərzindən imtina etmək, psixoloq və ya psixiatr konsultasiyasına üz tutmaq lazımdır. Əks halda qəddarlıqla müşayiət olunan cinayətlərin dinamikasında artım davam edəcək”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, bəzi insanlar yeni dəyərlər sisteminə inteqrasiya etməkdə çətinlik çəkirlər: “Dünyada psixoloji elementlər sürətlə dəyişir. İnsanlar müasir dövrün tələblərinə adaptasiya olmağa çalışırlar. Bəziləri ən doğmaları olsa belə, kimlərinsə bunun qarşısını almasına imkan vermirlər. Elələri də olur ki, doğmalarında baş verən bu dəyişikliklərlə barışmaq istəmirlər. Nəticədə ortaya ixtilaflar çıxır. Tərəflər orta nöqtəni tapa bilmədiklərinə görə yekunda zorakılığa əl atırlar. Unutmaq lazım deyil ki, bütün müharibələr, konfliktlər sonda danışıqlar masası ətrafında yekunlaşır. Hər bir problemi danışıqlar masası ətrafında da müzakirə etmək olar. Əgər heç nə alınmırsa, bu halda yolları ayırmaq da olar”.

“Adamlar bir tərəfdən itirmək istəmir, digər tərəfdən isə doğmalarının canına qəsd edirlər. Nəticə nədən ibarətdir? Biri ölür, digəri isə həyatının qalan hissəsini “dəmir barmaqlılar” arasında keçirir. Hesab edirəm ki, maarifləndirmə işlərini artırmaq, sosial çarxlar, təqdimatlar və digər üsullarla digər insanların həyatına qəsd etməyin yolverilməz olduğunu fəalı şəkildə təbliğ etməliyik. Burada isə müvafiq qurumların, mətbuat orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, təhsil müəssisələrinin və psixoloqların üzərinə böyük məsuliyyət düşür”, - deyə Cabbarov söyləyib.

Mövzunu AYNA-ya şərh edən psixoloq Ramil Nəcəflinin dediyinə görə, kişilərin işsizliyi, qadının cəmiyyətdəki rolunun artması ailədaxili şiddəti doğuran əsas səbəblərdən biridir: “Hansı ki, qadının sosial həyatda rolunun artması müsbət haldır. Lakin bəzən elə olur ki, qısqanc və işsiz həyat yoldaşı bunu həzm etmir. Ətrafdan və ailədən olan psixoloji təzyiqlər münasibətlərin zorakılıqla bitməsinə səbəb olur”.

“Elə də olur ki, kişi müəyyən yaşa gəlir və seksual əminliyi tükənir. Qadın isə gənc yaşda olur və kişidən lazımi dəstəyi ala bilmir. Bu halda münasibətlər gərginləşir. Kişi özünü bacarıqsız hesab edir və qadını izləməyə, təqib etməyə başlayır. Bəzən heç bir səbəb olmadığı halda xanımını başqaları ilə münasibətlərdə günahlandırır. Nəticədə münasibətlər gərginləşir. Həm birləşmək, həm də ayrılmaq iqtidarında olmayan cütlüklər arasında münaqişə alovlanır və biri digərinin həyatına qəsd edir”, - deyə ekspert vurğulayıb.

Əlavə edib ki, adətən insan psixolji durumunun hansı vəziyyətdə olmasından xəbərsiz olur: “Bu səbədən insan psixikasında ani baş verən hadisə onun üçün böyük fəlakətlərə səbəb ola bilər. Cütlüklərin ailə həyatı qurmazdan öncə bir-birini yaxından tanıya bilməməsi də münaqişələrin yaranmasına səbəb olur. Bunun bir səbəbi də milli mentalitetimizdir”.

“Boşanmaların da ən böyük səbəbi ünsiyyətin düzgün qurulmaması, tərəflərin bir-biri ilə dil tapa bilməməsidir. Cəmiyyətimizdə yadlaşmanın, insanlar arasında soyuqluğun artması psixoloqların işini daha da atrırır. Əvvəllər hər kəs bir-birilə fikirlərini bölüşür, get-gəl edirdi. Lakin indi insanlar sanki bir-birilərindən uzaqlaşıblar”, - deyə Nəcəfli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev