“Maşınla gətizdiririk. Su çox vaxt xlorlu olur, heç içə də bilmirik”
Sabunçu rayon Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində yaşayan sakinlər illərdi ki, içməli suya həsrətdirlər. AYNA “Baku” TV-ə istinadən xəbər verir ki, sakinlər hazırda istifadə etdikləri suyu şəxsi vəsaitləri hesabına maşınla alırlar.
Havanın isinməsi və virus təhlükəsinə görə tez-tez yuyunmaq ehtiyacı sakinlərin suya olan tələbatını bir neçə dəfə artırıb. Bu da öz növbəsində onların şəxsi büdcəsinə xeyli zərər vurur.
“Maşınla gətizdiririk. Su çox vaxt xlorlu olur, heç içə də bilmirik”, - deyə sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, Bakı ətrafı qəsəbələrdə hələ də mərkəzləşmiş içməli su şəbəkəsi qurulmayıb. Lakin gələcəkdə bütün qəsəbə və yaşayış massivlərində su şəbəkəsinin qurulması nəzərdə tutulur.
“Bakıətrafı qəsəbələrdə biz mərkəzləşmiş içməli su şəbəkəsi qurub yekunlaşdırmamışıq. Bizim bu işlərimiz mərhələlərlə davam edir. Fərdi qaydada insanlar özlərinə su çəkib. Gələcəkdə Bilgəh qəsəbəsində və digər yaşayış massivlərində şəbəkənin qurulması nəzərdə tutulur”, “Azərsu” ASC-nin rəsmisi Anar Cəbrayıllı qeyd edib.