Seçkidən sonra 3 gün internetin olmamasının səbəbləri bilinib
“Artıq məlum olub ki, Belarusda seçkidən sonra 3 gün internetin olmamasının səbəbi, internetin bu ölkədə, necə deyərlər, “rubilnik"dən söndürülməsi ilə bağlı olub. Belarus hökuməti bunun “DdoS” hücumları ilə bağlı ola biləcəyini bildirsə də, ciddi beynəlxalq texnoloji qurumlar və ekspertlər açıqlama veriblər ki, intenet ölkə ərazisində sadəcə “Shutdown” olub”.
AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Multimedia Mərkəzinin rəhbəri, internet üzrə mütəxəssis Osman Gündüz deyib. O bildirib ki, Belarusda əsasən bir “backbone” provayder – “Beltelekom” magistral operatoru var ki, o da internetin 90 faizinə nəzarət edir: “Yəni, ölkəyə gələn bütün beynəlxalq trafik bu operatorun üzərindən keçərək digər yerli provayderlərə verilir. Yeri gəlmişkən, Azərbaycanda iki magistral provayder var”.
“Ekspertlər seçki günü və seçkidən sonra Belarusa daxil olan bütün internet trafikin minlərlə açar söz üzrə filtrasiya və analiz edən DPI cihazlar (Deep Packet Inspection) tərəfindən bloklandığını bildiriblər. Bu avadanlıqlar həm də internetin sürətini azaltmaq qabiliyyətinə malikdir. Belarus hökuməti bunu 2.5 milyon vəsait ayırmaqla 2018-ci ildə qurub.
Maraqlıdır ki, “Whatsapp”, “Viber” və s. sosial media resursları bloklandığı üçün “Telegram” bu ölkədə də etirazlar zamanı əsas kommunikasiya vasitəsinə çevrilib. Həmçinin, mitinqlərin idarəedilməsi də bu sosial media resursu üzərindən gerçəkləşib. Yerli media da xəbərləri yaymaq üçün “Telegram”dan istifadə edib.
Blokları aşmaq üçün istifadə olunan, Kanada istehsalı olan məşhur “Psiphon” tətbiqi, həmçinin, “Lantern” və TOR servisləri də etirazlar və bloklanma zamanı populyar olub”, - deyə Gündüz qeyd edib.
Mütəxəssis vurğulayıb ki, Belarusda İT sahəsi çox inkişaf edib: “Xatırlayıram ki, ötən il təkcə bir texnoparkın illik dövriyyəsi bir milyard dollar olub. Ölkədə çox sahələr internetə inteqrasiya edib. Bu səbəbdən də Belarus iqtisadiyyatının müxtəlif sahələrində “Shutdown” zamanı ciddi problemlər olub. İnternetsiz 3 gün ərzində Belarusa 170 milyon dollar ziyan dəydiyi bildirilir. Belarusun İT qurumları problemlər davam edərsə ofislərini Ukraynaya köçürəcəklərini bildirirlər”.