Belarusda etirazlarda yoxa çıxan gəncin cəsədi tapılıb

Dünya

23.08.2020 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Sonuncu dəfə Krivtsov ailəsi ilə avqustun 12-si əlaqə saxlayıb

 

Avqustun 12-də etiraz aksiyaları zamanı yoxa çıxan Belarus vətəndaşı Nikita Krivtsov avqustun 22-si gündüz saatlarında asılmış vəziyyətdə tapılıb. AYNA bildirir ki, bu barədə Minsk şəhər İcraiyyə Komitəsinin Bələdiyyə Daxili İşlər İdarəsinin mətbuat katibi Natalia Qanuşeviç məlumat verib.

 

Qeyd olunub ki, 28 yaşlı belarusun cəsədi Minskdəki Parkova küçəsindəki ağacların birindən asılı tapılıb. Hadisə yerinə istintaq və əməliyyat qrupu gəlib.

 

Mərhumun həyat yoldaşı Yelena Krivtsovaya ərinin cəsədinin tapıldığını təsdiqləyib, ancaq bədənində xəsarət və döyülmə əlamətlərinin olub-olmadığını bilmədiyini söyləyib. “Biz meyitxanaya və polisə gedib hər şeyi öyrənəcəyik. Əminəm ki, bunu özü edə bilməzdi. İntihar etmək üçün o çox zəif xarakterli idi”, - deyə mərhumun xanımı bildirib.

 

Krivtsovanın sözlərinə görə, itkin düşdükdən on gün müddətində ərini xəstəxanalarda və təcridxanalarda axtarıb. O, ərinin etiraz aksiyalarında iştirak edib-etmədiyini və həbs olunub-olunmadığını bilmədiyini açıqlayıb.

 

Sonuncu dəfə Krivtsov ailəsi ilə avqustun 12-si günün birinci yarısında əlaqə saxlayıb. Onun telefonla danışdığı zaman Minskdəki Respublika Nevrologiya və Neyrocərrahiyyə Mərkəzinin yanında olduğu aydınlaşıb.

 

Qeyd edək ki, Belarus Daxili İşlər Nazirliyi insanların itməsi ilə bağlı yüzlərlə məlumat alındığını açıqlamışdı. Nazirlik qeyd edib ki, 9 avqust Belarusda keçirilən prezident seçkiləri günündən etibarən ölkə vətəndaşları qohumlarının və dostlarının itkin düşməsi ilə bağlı polisə yüzlərlə şikayət ərizəsi veriblər.

 

Xatırladaq ki, Belarusda etirazlar ikinci həftədir davam edir. Aksiyalar prezident seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra başlayıb. Avqustun 9-da keçirilən seçkilərin rəsmi nəticələrinə görə, hazırkı Prezident Lukaşenko 80 faizdən çox səs toplayıb. Müxalif namizəd Svetlana Tixanovskaya isə 10 faizdən bir qədər artıq səs qazanıb. Xalq seçkinin nəticələri ilə razılaşmır, Lukaşenkonu istefaya səsləyərək yeni seçkilərin keçirilməsini tələb edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş