Müdafiə naziri qoşunların cənub sərhədlərindən geri çəkildiyini açıqlayıb
Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, Belarus Ukrayna sərhədinə əvvəllər yerləşdirilmiş əlavə hərbi hissələrini geri çəkməyə başlayıb. AYNA xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, cənub əməliyyat istiqamətində gərginlik səngiməkdədir, ona görə də qoşunların sərhəd zonasından çıxarılması və daimi dislokasiya məntəqələrinə qaytarılması qərara alınıb.
Müdafiə naziri qeyd edib ki, “cənub sərhədində vəziyyətə nəzarət etmək üçün sərhədyanı rayonlarda növbətçi kiçik qüvvələr və vasitələr qalacaq”.
Bundan əvvəl ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri İvan Tertel Ukraynanın Belarus sərhədindən qoşunlarını çıxardığını bildirmişdi. Bu, iyulun 3-4-də baş verib.
İyulun 13-də Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhədə səfər edib. Dövlət başçısı vəziyyətin sabitləşməsi ilə əlaqədar qoşunların sərhəddən çıxarılması barədə göstəriş verib.