Bayden Zelenskiyə söz verdi: tezliklə Kiyevə silah göndəriləcək

Dünya

23.04.2024 - 11:12

Həmçinin Ukraynanın Avro-Atlantik inteqrasiya yolunda irəliləyişi üçün iqtisadi yardım göstəriləcək

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə 61 milyard dollarlıq yeni yardım paketinin bir hissəsi olaraq tez bir zamanda silah göndərəcəyini vəd edib. AYNA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc edilmiş bəyanatda qeyd edilib.

“Prezident Bayden bildirib ki, onun administrasiyası Ukraynanın təcili döyüş ehtiyaclarını ödəmək üçün tezliklə yeni hərbi yardım paketləri təqdim edəcək”, - Prezident ofisindən bildirilib.

Bundan əlavə, telefon danışığı zamanı Bayden qeyd edib ki, Vaşinqton Ukraynaya hərbi münaqişə zamanı zədələnmiş mülki infrastrukturun bərpasında, həmçinin Ukraynanın Avro-Atlantik inteqrasiya yolunda irəliləyişi üçün iqtisadi yardım göstərəcək.

Bundan əvvəl “The Times” qəzeti Pentaqonun yaxın bir neçə gün ərzində Ukraynaya silah göndərə biləcəyini yazıb.

Müəllif: Ayna.az