Konqresmen Maykl Makkol dövlət katibi Antoni Blinkenə xəbərdarlıq edib
ABŞ-ın Respublikaçılar Partiyası Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirilməsini istəyir. AYNA CNN-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı Maykl Makkol Dövlət Departamentini ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına istinad edən sənədləri təqdim etməyə çağırıb. Konqresmen cavab üçün son tarix kimi yanvarın 26-nı təyin edib.
“Dövlət Departamentinin uzun müddətdir davam edən sorğulara tam cavab verməsi vacibdir. Biz uzun gecikmələrə dözməyəcəyik. Uyğunsuzluq halında, bu tələblərimizi icra prosesi vasitəsilə həyata keçirmək üçün öz səlahiyyətlərimizdən istifadə edəcəyik”, - konqresmen dövlət katibi Antoni Blinkenə xəbərdarlıq edib.
Dövlət katibinə ünvanladığı on səhifəlik məktubda konqresmen ABŞ Prezidenti Co Baydenin administrasiyası altında keçirilən və qoşunların çıxarılması ilə bağlı olan bütün idarələrarası görüşlərin siyahısını tələb edib. Bundan əlavə, o, “Taliban”la 2021-ci il yanvar tarixli bütün görüşlər barədə məlumat istəyib.
Makkol qeyd edib ki, Nümayəndələr Palatasının komitəsi ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının nəticələrini öyrənməkdə maraqlıdır.
CNN-nin məlumatına görə, Respublikaçılar Partiyası Dövlət Departamentinə ən azı üç oxşar sorğunu hələ 2022-ci ildə göndərib, lakin o zaman Respublikaçılar Partiyası Nümayəndələr Palatasında azlıqda olub.
Bundan əvvəl respublikaçılar Əfqanıstandan qoşunları çıxardığına görə ABŞ Prezidenti Co Baydenə impiçment elan etmək istəyirdilər.