İrakli Kobaxidze: “Çox şey konkret proseslərdən asılı olacaq”
“Abxaziya və Cənubi Osetiyanın ilhaqını nəzərə alaraq ölkəmizin ərazi bütövlüyünün dinc yolla bərpası tamamilə realdır”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidze Gürcüstanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, 1988-ci ildə, 1989-cu ildə və hətta 1990-cı ildə heç kim SSRİ-nin dağılacağına inanmırdı: “Lakin 1991-ci ilin sonunda SSRİ dağıldı. Çox şey konkret proseslərdən asılı olacaq. Mən hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpa edilməsi tamamilə realdır”.
Qeyd edək ki, sentyabrın 14-də “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində bildirib ki, ölkə hakimiyyəti onun partiyasının oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindəki qələbəsindən sonra 2008-ci ildə osetinlərlə gürcülər arasında keçmiş Prezident Mixail Saakaşvili tərəfindən kənardan gələn göstərişlə başlayan müharibəyə görə üzr istəməyə güc tapmaq lazımdır. İvanişvili əmindir ki, “gürcülər və osetinlər üçün xristianlığın təməl daşı” olan bağışlanma sayəsində Gürcüstanın düşmənləri tərəfindən qoyulan qardaş qırğınları “tarixi qarşılıqlı bağışlanma və barışıqla başa çatacaq”.