Bakıda “zəncir əməliyyatı”: Bizim gördüyümüz polisdən “gizləndi” - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

03.05.2021 - 13:17

Müşahidələrimizin və lentə aldıqlarımızın bir illüziya olduğunu düşünməyə hazırıq

 

- Qardaş, icazə verin maşını o boş yerə park edim.

- Olmaz! Bu yerlər yalnız mağazamızın işçiləri üçündür.

- Hansı haqla binanın qarşısındakı park yerini zəncirlə bağlayırsınız?!

- ...

 

Belə bir dialoq MRT cavablarını almaq üçün “MediStyle” klinikasının qarşısında və ətrafında park yeri tapmağa çalışan AYNA əməkdaşı ilə Əhməd Rəcəbli küçəsindəki bir bahalı mebel mağazasının işçisi arasında baş verdi.

 

Azərbaycanda avtomobil parklanması sahəsindəki xaos davam edir. Bir çox sürücü avtomobillərini səkiyə dırmaşdıraraq, vətəndaşların hərəkətinə maneələr yaradır, digərləri maşınlarını yollarda saxlayır. Və hətta, əvvəlcədən “başqalarının” maşınlarını ora buraxmamaq üçün yerləri zəncirlə “bron” edirlər.

 

Bir neçə dəfə şəhərin müxtəlif yerlərində olan həmkarlarımız bu və ya digər bahalı mağaza və ya restoran nümayəndələrinin öz mülklərinin sərhədləri kimi qoyduqları dəmir maneələri bir kənara ataraq, ədalətə nail olmuşdular. Onlara başadüşülən bir tonda, sadəcə bir obyektin icarəyə verilməsinin qarşısındakı yolun da onlara aid olduğu anlamına gəlmədiyi izah edilmişdi.

 

Ancaq Əhməd Rəcəbli küçəsində avtomobillər üçün yerlər yalnız dəmir barmaqlıqlar ilə hasarlanmadığından, kilidli bir zəncirlə bağlandığından, parketmə hüququmuzdan istifadə edə bilmədik.

 

Vəziyyət barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) mətbuat xidmətinin rəhbəri Vaqif Əsədova məlumat verdik. O da bəyan etdi ki, polis əməkdaşıları mütləq hadisə yerinə gələcək və bütün lazımi tədbirləri görəcəklər.

 

“Bəlkə də, bunlar “MediStyle” klinikasına gələnlərin avtomobilləridir…”, - deyə DYP rəsmisi sual yeri buraxdı - baxmayaraq ki,“bron” edilmiş yerlərin əsas hissəsi klinika ilə üzbəüz küçədə yerləşirdi.

 

Əsədov sürücüləri də qanunu pozmamağa çağırdı: “Onlar hərəkətləri ilə vətəndaşların sərbəst hərəkətinə mane olduqlarını unutmamalıdırlar”.

 

Əhməd Rəcəbli küçəsinin yerləşdiyi Nərimanov Bələdiyyəsi nümayəndələrinin də fikirlərini öyrənməyə qərar verdik. Bələdiyyənin əməkdaşı Xeyransa Babayevanın dediyinə görə, onların Əhməd Rəcəbli küçəsində yaranan vəziyyət barədə heç bir məlumatı yoxdur.

 

Bələdiyyənin digər bir əməkdaşı Nizami Babaşov hadisəni bələdiyyə sədrinə bildirəcəyinə söz Verdi: “Biz mütləq müvafiq tədbirlər görəcəyik”.

 

Səhəri gün DYP və Nərimanov Bələdiyyəsinin işçilərinin müvafiq tədbirlər görüb-görmədiklərini öyrənmək məqsədilə yenidən Vaqif Əsədovla əlaqə saxladıq. Və belə bir cavab aldıq: “Məlumatlarınız təsdiq olundu. Bu ərazidə dörd hərəkət zolağı var. İki zolaqda avtomobillərin parklama qaydalarını pozduqlarını aşkar etdik. Təxminən 6 belə avtomobili qeyd etdik və sahiblərinə qarşı inzibati protokollar tərtib etdik. Ancaq orada heç bir zəncir tapa bilmədik. Artıq görülən tədbirlər barədə elektron media vasitəsi ilə ictimaiyyətə məlumat verdik”.

 

Bələdiyyənin əməkdaşı Nizami Babaşov da hadisəni bələdiyyə sədrinə bildirdiyini söylədi: “Ancaq hansısa bir tədbir görülüb-görülmədiyini bilmirəm”.

 

Yol polisinin məsələyə bu qədər operativ reaksiya verməsi sevindiricidir. Ancaq polisin Əhməd Rəcəbli küçəsində zəncirlə qapalı park yeri tapmaması çox qəribədir. Çünki reyddən bir gün əvvəl çəkilən fotoşəkillərdə zəncirlər aydın görünür.

 

Olsun! Problemin “yad” sürücülərin lehinə həll olunması naminə, görüb, çəkdiklərimizin optik bir illüziya olduğunu düşünməyə hazırıq. Ancaq necə həll edilməsini bir həftədən sonra yoxlayacaq və nəticələrini oxuculara çatdıracağıq...

Müəllif: Rəşad Rüstəmov