“Bakı Moskvanı pat vəziyyətinə salıb”

Siyasət

28.08.2023 - 10:22

Anar Həsənov: “Rusiya müharibədə qalib gəlsə belə, Ukraynada onu “böyük Çeçenistan” gözləyir”

Həmyerlimiz, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi, politoloq Anar Həsənov Ukraynada gedən müharibə, Rusiya cəmiyyətinin və hökumətinin proseslərə münasibəti, həmçinin Qarabağda baş verənlərə dair fikirlərini AYNA ilə bölüşüb. Beləliklə:

- Artıq bir il yarımdır ki, Rusiya – Ukrayna qanlı toqquşmaları davam edir. Moskva bunu xüsusi hərbi əməliyyat adlandırsa da, dünya baş verənləri müharibə hesab edir. Bu il yarımda Rusiya cəmiyyətinin müharibəyə münasibətində nəsə dəyişibmi: yorulublarmı və dayanmasını istəyirlərmi artıq?

- Xüsusi əməliyyat Rusiya cəmiyyətində fərqli qorxu və narahatlıqlara səbəb oldu. Əvvəlcə rusiyalıları dünyadakı Rusiya imici, qardaş qırğını narahat edirdisə, sonra bu qorxu səfərbərliklə əvəzləndi. İndi isə Rusiyanın yaxın gələcəyi ilə bağlı bədbin əhval-ruhiyyə müşahidə olunur.

- Müharibənin əvvəllərində rus ordusu böyük üstünlükdə idi və paytaxt Kiyevə qədər irəliləmişdi. Lakin hazırda fərqli mənzərə müşahidə olunur: Rusiyanın müxtəlif şəhərlərinə, eləcə də paytaxt Moskvaya dron hücumları edilir, partlayışlar törədilir. Savaşın səmti dəyişdi?

- Dron hücumları daxildə xaos yaratmaq məqsədi daşıyır. Deyim ki, dron hücumları cəmiyyətin fikrinə ciddi təsir etmir. Bu partlayışlar nə anti-müharibə ab-havasına, nə də müharibənin tərəfdarılarının sayına təsir edir. Rusiya cəmiyyətində apatiya, laqeydlik əhval-ruhiyyəsi var. Bilirsinizmi, mən Rusiyada xalq-ordu vəhdətini hiss etmirəm. Sanki vuruşanlar bu xalqın övladları, qohumları deyil. Əsasən də mərkəzdə ölkənin xüsusi əməliyyat apardığı hiss edilmir. Onu da əlavə edim ki, Moskva 90-cı illərdən terrora məruz qalmış şəhər olub. Odur ki, ara-sıra dron hücumları moskvalılara ciddi təsir etmir.

- Kreml Qərbə ultimatumlar göndərir ki, Ukraynanı silahlandırmağı dayandırın və NATO söhbətinə son qoyun. Amma əksinə, Qərbdən olan müttəfiqləri Kiyevə silah və texnika dəstəyini artırırlar. Son olaraq Niderland Ukraynaya 46 ədəd F-16 qırıcı təyyarəsi verəcəyini açıqladı. Bu cür hərbi dəstəyin miqyası daha da genişlənərsə, müharibənin gedişatında nə dəyişə bilər?

- F-16 təyyarələrinin tətbiqi itkilərin sayını artıracaq - əlavə etməliyəm ki, hər iki tərəfdən. Mən F-16-nı HIMARS və “Abrahams”larla müqayisə etməzdim, ancaq həmin hərbi texnikaların tətbiqinin də dönüş yaradacağı deyilirdi. F-16-ya qarşı Rusiyanın düşünürəm ki, cavab tədbirləri hazırdır. Hesab edirəm ki, Kreml hərbi əməliyyatlarda sürprizlər dövrünü adlaya bilib və öz səhvlərindən nəticə çıxarıb. Ukraynanın əks-hücum əməliyyatlarının dönüşə səbəb olmaması belə düşünməyə əsas verir. Almaniyanın Ukraynaya göndərəcəyi “Taurus” raketləri və sözügedən F-16 təyyarələri Rusiyanın nəzərdə tutulan qış kampaniyasından müdafiə üçün hesablanıb. Ukrayna - Rusiya cəbhəsində əsaslı dönüş NATO-nun birbaşa müdaxilə edəcəyi təqdirdə mümkündür.

- Müxtəlif ölkələrdən gələn barışıq təklifləri hələ nə Moskva, nə də Kiyev tərəfdən müsbət qarşılanıb, heç bir tərəf güzəştə getmək fikrində deyil. Necə düşünürsünüz, sülhə doğru ilk addımı kim atacaq və nəyin qarşılığında?

- Ukrayna tarixinə diqqət yetirsək, istər 1918-20-ci illər, istərsə də 40-cı illərdə Moskva bu ərazidə siyasi opponentlərinə qalib gəlib və sonra uzun müddət bu ərazilərdə Rusiyaya qarşı müqavimət davam edib. Nə Moskvanın, nə Qərbin bu regionda maraqları, nə də ukraynalıların mentalitetində köklü dəyişikliklər baş verib. Yəni, bu hərbi əməliyyatlar Moskva üçün uğurla bitsə də, ukraynların milli müqaviməti bitməyəcək, yəni Rusiya qalib gəlsə belə, Ukraynada onu “böyük Çeçenistan” gözləyir.

- Rusiya – Ukrayna müharibəsini liderlərin şəxslərinə bağlı hesab edirsinizmi? Yəni sizcə, Putin və ya Zelenski, yaxud da hər ikisi devrilərsə, müharibə dayanacaqmı?

- Sözsüz ki, şəxsiyyət amili əsasdır. Məsələn, Saakaşvili və Qaribaşvilinin Abxaziya və Cənubi Osetiyaya münasibətləri fərqlidir. Mən hesab edirəm ki, millətin kəmiyyəti və tarixi amillərini də unutmamalıyıq. Gürcüləri demoqrafik böhran sülhə meyilli edib. Gürcüstan cəmiyyəti itirdiyi torpaqları qurbanlar hesabına geri qaytarmaq fikrində deyil. Mən Gürcüstanda "münaqişənin finlandlaşma" prosesini müşahidə edirəm, yəni əldə qalan Gürcüstan naminə itirilən torpaqlardan imtina. Ukraynada isə Kremlə qarşı müqavimət tarixi var və bu müqavimət dövlətin ideoloji əsaslarından biridir. Və gəlin qəbul edək ki, Putin getsə belə, onun yerinə liberal gəlməyəcək. İkincisi, bütün Ukrayna torpaqları qaytarılmasa, sanksiyalar ləğv edilməyəcək. Bunlar baş vermədiyi şəraitdə, Putin olmur, başqası olsun, onun sülhə ciddi ehtiyacı olmayacaq. Odur ki, qarşıdurmanı sülh və danışıqlar yox, ancaq iki tərəfdən birinin qələbəsi həll edəcək.

- Bir az da Qarabağ gümdəminə toxunaq. Azərbaycanın suveren ərazisi olan bölgədə son həftələr gərginlik xeyli artıb. Hətta, Ermənistan məsələni BMT Təhlükəsizlik Şurasının iclasına çıxardı. Beynəlxalq aləmin problemə yanaşması da birmənalı deyil: haqlının yanında olan da var, haqsızı müdafiə edən də. Bu gün Qarabağda nə baş verir və baş verənlərdə istər Moskvanın, istərsə də digər qlobal oyunçuların rollarını necə dəyərləndirirsiniz?

- Moskva hərbi əməliyyatları uğurla bitirənədək regionda qalmaq fikrindədir. Rusiyalıların Qarabağdan gedişi onların Ermənistandan da çıxarılması təhlükəsini gerçəkləşdirir. Və Rusiyaya iki cəbhədə vuruşmaq lazım deyil. Rusiyanın Qarabağdan getməsi Rusiyanın daxili sabitliyinə də mənfi təsir edəcək. Rusiya erməniləri “beşinci kolon”a çevriləcək. Erməni diasporunun Moskvadakı fəallığı Qarabağa dəstək məqsədi güdüb. Odur ki, Moskva prosesə mane olmağa çalışır, amma sərt tədbirlər görmədən. Çox ciddi siyasi proseslər yaşanır və məncə, Azərbaycan Rusiyanı şahmat lövhəsində pat vəziyyətinə sala bilib.

Müəllif: İsmayıl Məmmədli