Həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb
Bu gün saat 20:20 radələrində Bakı metrosunun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
TƏBİB-dən bildirilib ki, 21.04.2026-cı il tarixində saat 20:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, “28 May” metrostansiyasından çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.