“Bu şəhərdə”nin Müşfiqinin başı yarım milyon manatlıq dərdə düşüb

Hadisə

12.07.2019 - 14:52

“Yasamal Rayon Məhkəməsi mənim, Apellyasiya Məhkəməsi isə qarşı tərəfin xeyrinə qətnamə çıxardı”

 

 

“Bu şəhərdə”nin rəhbəri və ssenaristi Müşfiq Abbasovun mənzili əlindən alınıb. AYNA xəbər verir ki, o, bu barədə “Instagram”da məlumat yayıb.

 

Daha sonar isə məsələnin detalları barədə axşam.az-a danışıb: “Apelyasiya məhkəməsi qərar çıxardı ki, 2013-cü ildə aldığım ev Həsənova Mehriban Həsən qızına məxsusdur. Məhkəmə bildirdi ki, notariusda olan alqı-satqı da, Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış da saxtadır”.

 

“Evi Həsənova Gülrux Sənhan qızından almışam. 2019-cu ildə Gülruxun xalası peyda olub və iddia edir ki, ev onun imiş. Gülrux evi mənə dələduzluq yolu ilə satıb. Məhkəmədə iddialarını isbat etməyə çalışdı. Yasamal Rayon Məhkəməsi mənim, Apellyasiya Məhkəməsi isə Həsənova Mehribanın xeyrinə qətnamə çıxardı. Qərarda deyilir ki, ev Gülruxun yox, Mehribanındır. Mən də məntiq axtarıram ki, ev necə Mehribanın ola-ola, Əmlak Komitəsi çıxarış verir, notarius da bunu təsdiq edir. Belə çıxır ki, yaşadığınız ev hər an başqasının ola bilər”, - bildirib.

 

M.Abbasov Ali Məhkəməyə müraciət edəcəyini vurğulayıb: “Qərar 10 iyulda çıxıb. Ali Məhkəməyə müraciət edəcəm. Mənə evi satan Gülrux məsələdən kənara çəkilib. Deyir ki, “heç nədən xəbərim yoxdur, məni narahat etməyin”. Bacısı qızı məndən pul alıb, xalası da evi almaq istəyir, yəni ikitərəfli qazanc. Evi 2013-cü ildə 140 min dollara almışam (təxminən 240 min manat). İndi isə qiyməti ikiqatdır”.

Müəllif: Ayna.az