Bakı KTMT-yə doğru yol alır? - Böyük Avrasiya Tərəfdaşlığı təşəbbüsü

Siyasət

08.07.2021 - 10:23

Deputat: “Dünyanın siyasi nizamı dəyişir və böyük oyunçular arasında rəqabət dərinləşir”

 

Politoloq: “10 noyabr bəyanatı imzalanan günü demişdik ki, Azərbaycan Moskvanın orbitinə qayıdır”

 

İyulun 1-də Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası Şurasının iclası keçirilib. Toplantıda KTMT-də tərəfdaş ölkələr institutunun yaradılması ilə bağlı qərar qəbul edilib.

 

Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov tərəfdaş ölkələrə namizəd olan dövlətlərin adlarını açıqlayıb. Qeyd edib ki, KTMT-nin tərəfdaş ölkə statusuna ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır: “Hər iki ölkə KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzusunu bildirib”.

 

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, tərəfdaş ölkələr KTMT strukturlarında həlledici səsə malik olmayacaq. Lakin bununla belə, bu ölkələr sənədlərin hazırlanmasında və kollektiv qərarların yaradılmasında iştirak etmək hüququna malikdir.

 

Azərbaycanın KTMT-yə üzvlüyü ölkəmizə hansı perspektivlər vəd edir? Bu, Azərbaycanın Avropaya inteqrasiya siyasətindən imtina etməsi anlamına gəlirmi?

Image result for nəsib məhəməliyev

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Rusiya rəsmilərinin son açıqlaması birmənalı həqiqət kimi qiymətləndirilə bilməz: “Əvvəla ona görə ki, Pakistanla Çin strateji müttəfiqdir və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hər hansı formada yer alacağı inandırıcı görünmür. Əgər bu, baş verəcəksə, dünyanın sürətlə yeni siyasi nizama keçidinin göstəricisi olacaq. Artıq böyük siyasi oyunçular arasında rəqabət dərinləşir. Bilirsiniz ki, ABŞ-da son prezident seçkilərində qələbə qazanan Co Bayden iqtidara gəldikdən sonra mühüm mesajlar verib. Eyni zamanda ölkəsinin hərbi doktirinasını elan edib. ABŞ-ın düşmənləri ilk dəfə olaraq açıq şəkildə bəyan edilib. Bu siyahıda həm Çin, həm də Rusiya yer alır. Bütün bunlar dünya çapında böyük siyasi oyunların getdiyini ortaya çıxarır”.

 

“Azərbaycana gəldikdə isə ölkəmiz KTMT-də istər daimi, istərsə də tərəfdaş üzv olaraq yalnız Ermənistanla sülh müqaviləsi imzaladıqdan sonra təmsil oluna bilər. Ermənistanın daxilində baş verən gərginliklər, siyasi qərarların qəbulu üçün əlverişli mühitin olmaması bu prosesi ləngidir. Digər yandan, Azərbaycanla Türkiyə arasında tarixi sənəd - Şuşa Bəyannaməsi imzalanıb. Açığı, inanmıram ki, qısa müddət ərzində həm Azərbaycanın, həm də Pakistanın tərəfdaş qismində KTMT-yə üzvlüyü baş tutsun”, - deyə həmsöhbətimiz bildirib.

 

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin böyük siyasi təcrübəyə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi: “Müharibənin gedişi zamanı Prezident İlham Əliyevin şahmat termini ilə ifadə etsək, qrossmeyster gedişləri Azərbaycanın dünya miqyasında rolunu və əhəmiyyətini artırdı. Artıq Azərbaycan regionda həlledici dövlətdir və ölkəmizin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Azərbaycanın tarixi zəfər əldə etməsi, dünya dövlətlərinin təzyiqləri qarşısında geri çəkilməməsi, bütün təzyiqlərə sinə gərməsi və nəhayət uzun illərdir işğal altında olan torpaqları azad etməsi böyük tarixi qələbədir”.

 

“O zaman Prezident İlham Əliyev bəyan etdi ki, nəyi necə etməyi o, hamıdan yaxşı bilir. Hər şeyi də ictimaiyyətlə bölüşmək olmur. Baxmayaraq ki, dövlət başçısı əksər məsələləri Azərbaycan xalqının diqqətinə çatdırır. Biz cənab Prezident İlham Əliyevə inanmalıyıq. Şübhəsiz ki, onun atacağı hər bir addım dövlətimizin xeyrinə olmaqla yanaşı, həm də milli maraqlarımızı ifadə edəcək”, - deyə Məhəməliyev vurğulayıb.

Картинки по запросу

Politoloq Şahin Cəfərli isə AYNA-ya şərhində söyləyib ki, 10 noyabr üçtərəfli bəyanatından sonra belə bir addımın atılacağı gözlənilən idi: “10 noyabr bəyanatının imzalandığı gün yazmışdıq ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və KTMT-yə qoşulması məsələsini qaldıracaq. Bu sənəd, eləcə də onun davamı olan 11 yanvar 2021-ci il tarixli razılaşma həm də Azərbaycanın Avrasiya inteqrasiya layihələrinə qoşulmasının bir növ, yol xəritəsidir. Təbii ki, tamhüquqlu üzvlük ilk mərhələdə qeyri-mümkündür, çünki hələlik Ermənisanla probemlər çözülməyib, ona görə də “müşahidəçi”, “tərəfdaş” kimi aralıq statuslar gündəmə gətirilir. Kommunikasiyalar açıldıqdan, nəqliyyat əlaqələri bərpa edildikdən, sərhəd ixtilafı çözüldükdən və iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistanla eyni hərbi ittifaqda, vahid iqtisadi məkanda təmsil olunmağın önündəki əngəllər qalxmış olacaq”.

 

Analitikin fikrincə, baş verənlər Putinin Böyük Avrasiya Tərəfdaşlığı təşəbbüsünün tərkib hissəsidir: “Rusiyanın ötən il Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmamasının təməl səbəbi də budur. Moskva konflikti dondurulmuş, bölgəni inteqrasiyaya qapalı “boz ərazi” statusunda saxlamağın artıq onun maraqlarına zərər verməyə başladığının fərqinə vararaq böyük düşünməyə başladı. Konflikt yaradıb donduran, “oyun pozucu” rolundan “oyun qurucu” roluna keçid etdi”.

 

“İndi Avrasiya İqtisadi İttifaqının bazasında təkcə postsovet məkanını əhatə etməyən daha geniş inteqrasiya modeli formalaşdırılmasına start verilib. İranın, Pakistanın, Çinin, Hindistanın da burada iştirakı nəzərdə tutulur. Moskva ümidlidir ki, Türkiyə də bu inteqrativ proseslərə qoşula bilər, Ankaranın Qarabağ məsələsinin həllinə qismən cəlb olunması da bununla əlaqədardır”, - deyə Cəfərli qeyd edib.

 

Müsahibimiz xüsusi vurğulayıb ki, bu prosesin ölkəmiz üçün müsbət və mənfi tərəfləri var: “Müsbət tərəfi odur ki, Rusiya işğaldakı ərazilərin böyük hissəsini geri qaytarmağımıza şərait yaratdı. Mənfi tərəfi isə odur ki, Azərbaycan Moskvanın orbitinə qayıdır. Çin totalitarizmi və Rusiya avtokratiya modelinin hegemon olduğu Avrasiya coğrafiyası və dəyərlər sisteminə inteqrasiya o deməkdir ki, nə vaxtsa ölkəmizdə hüquq və azadlıqlara əsaslanan demokratik sistem qurmaq əvvəlkindən daha çətin bir vəzifəyə çevrilə bilər”.

Müəllif: Azər Niftiyev