Sabah əl-Numan: “Ali Komandan bu hücumlara görə məsuliyyət daşıyanların hamısını tapıb məsuliyyətə cəlb etmək əmri verib”
“İraqın cənubundakı dünyanın ən böyük neft yataqlarından biri olan “Məcnun”a və Bağdadın mərkəzindəki “Əl-Rəşid” otelinə endirilən zərbələr terror hücumlarıdır və ölkə üçün mənfi nəticələrə səbəb olacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İraq Baş nazirinin sözçüsü Sabah əl-Numan deyib.
““Məcnun” neft yatağı, “Əl-Rəşid” oteli və Bağdaddakı ABŞ səfirliyi ölkəmiz üçün ciddi mənfi nəticələrə səbəb olacaq terror hücumlarına məruz qalıb. Bu baxımdan, İraq Silahlı Qüvvələrinin Ali Komandanı Məhəmməd əl-Sudani ölkənin təhlükəsizlik qüvvələrinə bu hücumlara görə məsuliyyət daşıyanların hamısını tapıb məsuliyyətə cəlb etməyi əmr edib”, - deyə Numan vurğulayıb.
Baş nazirin sözçüsü əlavə edib ki, bu obyektlərdə təhlükəsizliyin təmin edilməsində “birbaşa vəzifələrini yerinə yetirməyən” bütün təhlükəsizlik işçiləri də cəzalandırılacaq.