“Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın özəlləşdirilməsi təklif olunur

İqtisadiyyat

02.09.2020 - 13:13

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda özəlləşdirməyə “ölü” müəssisələr çıxarılır

 

Azərbaycanda özəlləşdirmə ötən əsrin 90-cı illərinin sonlarında başladı və sonra bu proses onun effektivliyini azaldan çoxsaylı səhvlər və çatışmazlıqlarla müşayiət olundu. Bu gün ölkədəki obyektlərin əksəriyyəti özəl biznesə aid olsa da, hələ də özəlləşdirilə bilən və edilməli olan müəssisələr var. Bu vəziyyətdə eyni səhvləri təkrarlamamaq vacibdir.

 

Pandemiya səbəbi ilə dayandırılan özəlləşdirmə hərracları bu yaxınlarda yenidən açıldı. Özəlləşdirmənin yeni dalğasını AYNA-ya şərh edən iqtisadçı-ekspert Fuad Əlizadənin sözlərinə görə, bütün ölkələrdə dövlət pis idarəçidir: “Və odur ki, dövlət biznesi idarə etməməli, ancaq oyunun müəyyən qaydalarını müəyyən etməlidir. Biznesin inkişafı təşəbbüsü sahibkarlardan və əhalidən gəlməlidir. Rəqabətqabiliyyətli məhsullar istehsal etmək üçün onlara təcrübə və bacarıqlarından istifadə etmək imkanı vermək lazımdır. Eyni zamanda, istehsal da ekoloji tələblərə cavab verməli və daha az enerji tələb etməlidir”.

 

“Özəlləşdirmə davam edir və başlandığı gündən bəri çox şey yenidən düşünülüb. İrəli getməyin vaxtının gəlib çatdığı aydın oldu. Strateji əhəmiyyətli olmayan müəssisələr mütləq özəlləşdirilməlidir. Hesab edirəm ki, “Azəriqaz”, “Azərsu”, “Azərişıq” kimi kommunal xidmət göstərən müəssisələr də özəlləşdirilməlidir. Bunlar dövlət şirkətləri yox, özəl olmalıdır”, - ekspert deyib.

 

Əlizadə bildirib ki, indi bir çox dövlət şirkətləri səriştəsiz idarəetməni dövlət büdcəsi hesabına kompensasiya edir: “Sahibkarların özəlləşdirməyə marağına gəlincə, bu maraq o qədər də böyük deyil. Bunun səbəbi ya təkilf olunan payın tam nəzarət hüququ verməməsi, ya da bir çox obyektlərin xarabalığa çevrilərək, onları əldə etməyin qeyri-rasional olması ilə əlaqədardır. Bəzi hallarda köhnəni yenidən canlandırmaqdan yenisini qurmaq daha asandır. Bəzən ərazi naminə bir yeri alıb, orada olan köhnə binanı söküb, yenisini tikirlər”.

 

Özəlləşdirmənin cəlbedici olması və təşəbbüslərin bir rəhbərdən gəlməməsi üçün, iqtisadçının fikrincə, korporativ idarəetmə sistemini təşviq etmək lazımdır. Ancaq burada mentalitet də rol oynayır, hər kəs yorğanı özünə çəkmək istəyə bilər. Odur ki, korporativ idarəetmə bizim reallıqda elə də asan iş deyil.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya deyib ki, qeyri-kafi idarəetmənin günahı kadrlardadır: “Bir çox dövlət müəssisəsi bağlı qalıb, bəziləri icarəyə verilir. İndi çoxdan özəlləşdirilməli olan "ölü" müəssisələrin təklif olunduğu hərraclar keçirirlər. Sosial şəbəkələr özəlləşdirmə əleyhdarlarının çox olduğunu göstərir, lakin bu proses başa çatdırılmalıdır. Yarı yolda dayanmışıq. Ölkədə bir çox rentabelli olmayan dövlət müəssisələri var ki, onların sağ qalması yalnız büdcə vəsaiti hesabına mümkün olur. Bu vəziyyətin düzəldilməsi lazımdır”.

Investors of Closed Banks Paid 61.6 Million Manat

Onun sözlərinə görə, iqtisadiyyatın ehtiyacları dəyişir, bunlar nəzərə alınmalıdır: “Sahibkarlar özəlləşdirmədə maraqlıdırlar, çünki özəlləşdiriləcək binalar keyfiyyətlə tikilib, infrastrukturları var. Onları bərpa etmək hər şeyi sıfırdan qurmaqdan daha asan və daha ucuzdur. Ancaq bu istiqamətdə həll edilməsi tələb edilən kifayət qədər hüquqi məsələlər var”.

 

“Dövlət özəlləşdirilən obyektdə hansı fəaliyyət növünün həyata keçirilməsini diktə edə bilməz. Bir vaxt özəlləşdirilən uşaq bağçalarının nümunəsindən göründüyü kimi, o, bunu edə bilməyəcək. Dövlət öz şərtlərini diktə etmək istəyirsə, obyekti nominal qiymətə satmalı və ya pulsuz, ancaq müəyyən şərtlərlə verməlidir. Əlbəttə ki, dövlət yaradılan müəssisədə ekoloji və sanitar tələblərə əməl olunmasına nəzarət etməlidir”, - Ağayev vurğulayıb.

 

İqtisadçı-ekspert Natiq Cəfərli də özəlləşdirilmənin tərəfdarıdır. Onun AYNA-ya dediyinə görə, özəlləşdirmə çoxdan müzakirə olunan mövzudur: “Bəzi dövlət müəssisələri zərərlə işləyir, bu da onların inhisarçı olduqlarını nəzərə alsaq, nonsensdir. Onlar tərəfindən xərclərin şişirdilməsi faktları var. Bu cür dövlət müəssisələrini ya özəlləşdirmək, ya da uzun müddətə, məsələn, 25 il müddətinə icarəyə vermək lazımdır”.

 

“Təkcə iqtisadi amillərlə bu sahədə heç bir şey əldə edilə bilməz, struktur dəyişiklikləri lazımdır. Məhkəmə sistemində islahat lazımdır, sabit vergi qaydaları lazımdır. Vergi Məcəlləsinə edilən daimi dəyişikliklər sahibkarları qorxudur. Qeyd etmək lazımdır ki, yerli investorların sayı azdır, buna görə əsas diqqət xarici investorlara verilməlidir. Lakin onlara zəmanət və şəffaflıq lazımdır. Xarici investorların obyektlərimizə investisiya qoymasına Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaması, Avropa İttifaqı ilə saziş imzalamaması mənfi təsir göstərir”, - müsahibimiz əlavə edib.

Müəllif: Elya Belskaya