O gecə hər kəs azad iradəsi və vicdanı ilə baş-başa buraxılmışdı
“Bu il yeni ili qeyd edəcəksinizmi?” sualı ilə KİV-in apardığı sorğularda, adətən həmvətənlərimizin iki fərqli mövqeyi ilə qarşılaşırdıq. Bir qisim insan qalib ölkənin bayramı istədiyi kimi qeyd etmək, sevincini yaşamaq və paylaşmaq haqqı olduğunu düşündüyünü, digər qisim isə şəhid və qazi ailələrinə hörmət edərək bayramı sakit keçirməyin tərəfdarı olduğunu ifadə edirdi. 31 dekabr axşamı da vəziyyət eyni ilə bu cür oldu: Bir tərəfdə şəhid məzarları ziyarət edilərkən, bir tərəfdə də fişəng atıb atəşfəşanlıq edənlər oldu.
Elə bu dəmdə sosial media çalxalanmağa başladı. Odlu-alovlu döyüşün mərkəzindən gələn qazilərə bu səs-küyün pis təsir etdiyini yazanlar da, lap irəli gedib “içimizdəki ermənilərdir, damarında azərbaycanlı qanı axan belə hərəkət etməz” deyə hirsini, qəzəbini bu cür soyutmağa çalışanlar da oldu. Yayılan videolardan birində fişəng atanların bina sakinləri tərəfindən söyüşlə təhqir edildiyini də gördük.
Digər bir video isə lap ürəkləri dağladı. Bir tərəfdə havaya açılan fişəng səsləri, səmanı işıqlandıran qığılcımlar, digər tərəfdə isə bir ay əvvəl bağrına basdığı balasının həmin gecə soyuq məzar daşına sarılıb ağlayan şəhid anası. Görüntülər “bunu da görəcəkdik?!” dedirdib çoxumuzu qəhərə boğarkən, daha bir şəhid anasından “o atılan fişənglər mənim ürəyimə atıldı”, - deyə gələn sözlərlə atəşfəşanlıq edənlərin yerinə xəcalət çəkdik. Tək təsəllimiz isə həmin anlarda şəhid ailələrinin yanında olan, məzarları ziyarət edən insanların daha çox olması idi.
“Mən bu il bayram qeyd etmirəm, hələ o əhval-ruhiyyədə deyiləm. Qalibiyyətimiz üçün, əlbəttə, sevincliyik, amma fikrim şəhid olan döyüş yoldaşlarımın, qazi qardaşlarımın yanındadır, xahiş edirəm, kimsə təbrik yazıb cavab gözləməsin”, – deyə yazılmış əsgər postları da gördük.
Məgər, 31 dekabr axşamı saatlar 00:00 göstərəndə nə edəcəyini bilməyən və ya edəcəyində tərəddüdə düşənlər üçün bundan açıq-aydın nə yazmaq, demək olardı? Bəlkə, qadağa lazım idi? Amma düşününcə bir də xəcalət çəkirsən, utanırsan ki, şüurlu, hissi, duyğuları ilə hadisələri qavramaq qabiliyyəti və qərarvermə azadlığı verilmiş insan üçün bu işdə də qadağa, “olmaz” deyib cərimə tətbiq etmək lazım imiş? Axı, bu iş qəlblərə toxunardı. Özünü qanan kəsə ağır gələrdi ki, məgər mən bu qədər şüursuz və hər işdə idarə olunması vacib küt birisi kimi görünürəm ki, bunu da başqaları nizamlayır?
Hər halda nəticə etibarı ilə həmin gecə hər kəs nəyi necə edəcəyində azad idi - fişəng atanlar da, şəhid məzarlarını ziyarət edənlər də, sevincini də, kədərini də dörd divar arasında yaşayıb, məhrəmindən kənara çıxarmayanlar da...
Bu haqda çox müzakirələr getdi, bəlkə, hələ də davam edənlər var. AYNA həmin gecə barədə həmsöhbət olduğu vətəndaşların fikirlərini təqdim edir. Beləliklə:
Günəş Mərdiyeva: “Mahatma Qandinin belə bir fikri var: “Vicdan məsələsində çoxluq qanunu işləmir”. Yəni vicdan fərdi məsələdir, xüsusidir. Məlum məsələ ilə bağlı deyə bilərəm ki, bu, sırf vicdan məsələsi idi. Təbii ki, olanlara da hər kəs öz vicdan anlayışına istinadən mövqe sərgiləyir. Mən də öz vicdanıma istinad edərək deyə bilərəm ki, müharibə dönəmində dərin psixoloji sarsıntılar keçirən həmvətənlərimiz oldu. Yanında atılan qumbara, raket səslərini hələ də unutmayan yüzlərlə qazilərimiz var. Hələ mülki əhalini demirəm. İnsanların əksəriyyəti, xüsusilə, şəhid ailələri onsuz da bayram ab-havasında deyildilər. Kimsə bu ab-havanı dərindən hiss edirdisə, heç olmasa, bunu nümayişkaranə şəkildə büruzə verməzdi. Mən bir videoya baxdım. Həmin gecə Sumqayıtda şəhid anası şəhidlər xiyabanında ah-nalə edərkən səmada fişənglər uçuşurdu. Görüntü adamın tüklərini biz-biz edirdi. Həyatda təzadlı anlar çox olur. Bu təzadda isə “vicdan” amili tamamilə itirilmişdi. Çətin ki bundan sonra da tapıla”.
Ayşən Mustafayeva: “Bir azərbaycanlı olaraq həmin gecəki atəşfəşanlığa münasibətim, əlbəttə ki, çox pisdir. Hər kəsin bayramı öz evində, ailəsi ilə qeyd etməsi problem deyil. Lakin təsəvvür edin ki, siz bayram qeyd edir, fişəng atırsız, amma qonşunuzda şəhid ailəsi var və şəhid anası, bacısı, atası, qardaşı onsuz, soyuq baş daşını qucaqlayaraq yeni ili qarşılayır. Bu anda isə başqalarının yeni ili atəşfəşanlıqla qarşıladığını görür. Burada özünü onların yerinə qoyanda insan dəhşətə gəlir. Ən azından, bircə ili atəşfəşanlıq olmadan, sakit qarşılamaq olardı. Hamımız azərbaycanlıyıq. O məzarlarda yatanlar bizi müdafiə edərkən şəhid olublar. Hazırda xəstəxanalarda, evlərində müalicə alan qazilərimiz var. Onların yaşadıqları travmaların tamamilə sağalması zaman alacaq. Şəhidlərimiz, qazilərimiz o torpaqları bizə qaytardı. Təbii ki, bunları düşünən insanlarımız da çox idi. Saat 00:00-da bir dəqiqəlik sükutla şəhidlərimizi yad edənləri də, məzarlarını ziyarət edənləri də gördük. Özüm Mingəçevirdə idim həmin vaxt. Burada, adətən bayramda atəşfəşanlıq səsi qulaqları batırır, hər kəs çox yüksək əhval-ruhiyyədə olur. Bu dəfə isə çox sakitlik idi. Şəhər sakinlərinin əksəriyyəti şəhidlər xiyabanında şəhid ailələri ilə yan-yana, çiyin-çiyinə idi. Havaya şəhidlərin adı yazılmış dilək şarları buraxıldı, şəhidlərin ruhuna dualar oxundu. İllərdir 31 dekabrda bir-birimizi Həmrəylik Günü münasibəti ilə təbrik edirik, bu il həmrəyliyimizi gözümlə görmək, yaşamaq nəsib oldu. Bu həmrəyliyimizlə qürur duydum. Sumqayıtdan yayılan məlum video isə böyük məyusluq yaşatdı. Dövlət səviyyəsində qadağan edilməsə belə, vicdan deyə bir şey var, axı. Sabah “Şəhidim” deyə fəxr edə bilmək üçün o gün həmin şəhidlərin ailəsini düşünüb yeni ili sakit qarşılamaq lazım idi”.
Kənan Novruzov: “Əvvəla, qeyd edim ki, bizim 2021-ci ildən alacaqlarımız var və bu mənada 2021-ci ilə pessimist başlamağa haqqımız yoxdur. Optimist başlamalıyıq ki, optimist də bitirək. Yeni ili qeyd etməməli olduğumuzu düşünənlər şəhidlərimizin olduğunu əsas gətirirdilər. Mənim subyektiv fikrimə görə isə, 2021-ci ilə xoşbəxt qədəm qoymamaq üçün bu, o qədər də əsas deyil. Çünki biz 30 ildir münaqişənin sülh yolu ilə həll olunmasını, torpaqlarımızın qaytarılmasını arzulayarkən, şəhidlərimiz öz qanları, canları hesabına buna nail oldular və əbədi dünyanı qazandılar. Kiminsə şəhid olmasına görə kədərlənmək lazım deyil. Şəhidlik ən uca zirvədir, təki elə Allah bütün oğullara şəhidliyi qismət eləsin. Bizim qazancımız itkimizdən qat-qat çox oldu, biz heç yuxumuzda görməyəcəyimiz sevinci yaşadıq. Şuşanın, eləcə də digər rayonlarımızın azad olunması xəbərini dövlət başçısından eşidəndə nə qədər sevindiyimizi, sevincdən ağladığımızı hər kəs xatırlayır. Buna görə də bu qədər pessimist yanaşma mənə görə riyakarlıqdır. Yəni yeni ilə xoşbəxt daxil olmaq lazımdır. Bizim yarımçıq qalan məsələlərimizin olduğu heç kəsə sirr deyil. Müəyyən rayonlarımız, eləcə də Xankəndi hələ də bizdə deyil. Eyni zamanda, Rusiya sülhmərmalıları ilə bağlı məqamlar var. Bütün bunları, Allahın köməyi ilə, 2021-ci ildə həll etməliyik. Yəni bu, o deməkdir ki, biz 2021-ci ilə ümidlə baxırıq və xoş planlarımız, ssenarimiz olmalıdır. Amma bu, o demək deyil ki, biz atəşfəşanlıq etməli idik. Bəli, yeni ilə xoş, ümidlə girməli idik. Lakin bu, atəşfəşanlıq etməyimizə haqq qazandırmır, çünki bəlkə də, bizim qapıqonşumuz şəhid ailəsidir. Bu mənada atəşfəşanlıq edənlərə münasibətim heç də müsbət deyil. Eyni zamanda, ictimailəşdirmək və məsələyə həddindən artıq radikal yanaşmaq da həll yolu deyil. Bu, sadəcə düşmənin və bizi istəməyənlərin əlinə “kozır” verməkdir. Hər kəsin subyektiv fikri var. Kimsə atəşfəşanlıq edibsə, bu, onun yanaşması və mədəni səviyyəsinin göstəricisidir. Bəlkə də yeni il ab-havasında bunu edənlər sonradan peşman olub”.
Həmin gecə gördük ki, azadlıq və seçim hüququ veriləndə cəmiyyətdə fərqli mövqelər özlərini rahatlıqla ifadə edə bilir. Fərqi yoxdur, kim haqlıdır, kim haqsız, hətta hər zaman neytral mövqedə qalanlar da fikrini ifadə etmək ehtiyacı duyurlar. Bunun fonunda qızışan müzakirələr isə tərbiyələndirmə işini öz üzərinə götürmüş olur.
Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə xanımın 31 dekabr gecəsi ilə bağlı fikirlərini səsləndirdiyi videonu yəqin ki, çox adam izləyib. İzləməyənlər üçün sitat: “Mən şəhid anası bir də şəhid anası olmayacam ki?! 31-i axşamı fişəng atanlar fikirləşirdimi ki, gələn il onların da ailəsindən şəhid ola bilər? Uşağına başa sala bilərdi ki, qonşu binada şəhidimiz var, olmaz bizə fişəng atmaq. Bunu hər bir evdə, hər bir valideyn deyə bilərdi. Deməyibsə, deməli, o valideynin kökündə tərbiyə yoxdur. Onun övladı böyüyüb Polad ola biləcək?! Ay tövbə... O, Polad ola bilməz! İkincisi də, bu dəqiqə evimdə qapımı dəyişdirəsi olsam, “uçaskovu” gəlib deyəcək ki, “ev təmir edirsən, haqqımı ver”. O axşam atılan fişəngləri bizim polislər, Sumqayıtın, Bakının, rayonların icra başçıları görmürdü?”.
Bəli, şəhadətindən sonra əsgərlərinin, döyüş yoldaşlarının xatirələrində canlanan, dillərə dastan olan, kiçikdən-böyüyə tanıdıqca hər kəsin sevgisini qazanan Həşimov kimi qəhrəman yetişdirmiş ana bu sözləri ilə, düşünürəm ki, gedən müzakirələrə nöqtə qoymuş oldu.