Millət vəkili: “Tələbələrin əksəriyyətinin ailəsi övladlarının biletlərini almağa da razıdırlar”
“Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizə təxliyəsi ilə bağlı müraciəti var. İyunun 15-də qardaş ölkədə tədris yekunlaşır. Bu uşaqlar iyunun 15-də istər özəl, istərsə də dövlət yataqxanalarından çıxmağa məcbur olacaqlar”.
AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. O, Türkiyədə təhsil alan, koronavirus səbəbindən ölkəyə qayıda bilməyən tələbələrlə bağlı addım atılmasının vacib olduğunu bildirib.
“Təxminən 2400 nəfər qeydiyyatdan keçib və onların qayıtması zəruridir. Bu uşaqların iyunun 15-dən sonra harada qalacaqları bilinmir”, - deyən Q.Paşayeva söyləyib ki, tələbələrin əksəriyyətinin ailəsi övladlarının biletlərini almağa da razıdırlar: “İyunun 15-nə qədər çarter reyslərlə tələbələrin ölkəmizə qaytarılmasına şərait yaradılmalıdır. Aidiyyəti qurumlardan məsələni diqqətə almağa xahiş edirəm”.