Elmar Ağazadə: “Çində yaşamaq daim ilan, qurbağa, köpəkbalığı yemək deyil”
Elmar Ağazadə 28 yaşındadır. Azərbaycanın səfalı və şəfalı bölgəsi olan Masallıda dünyaya göz açıb. Həyatının böyük hissəsini paytaxtda yaşayıb, Bakıda Azərbaycan Kooperasiya Universitetinin Dünya iqtisadiyyatı fakültəsində təhsil alıb. 2015-ci ildə Çin Xalq Respublikasına köçmək qərarına gəlib.
Qəhrəmanımız AYNA ilə söhbətində maraqlı məqamlardan danışıb.
- Elmar, bir azərbaycanlı gəncin Çində yaşamaq arzusu necə meydana çıxır? İndi gənclərimiz daha çox Avropa eşqi ilə həyəcanlanır, ora tələsirlər.
- Uzaq Şərq ölkələrinə həvəsim uşaqlıqdan olub. İstər tarixi baxımdan, istərsə də mədəniyyət baxımından hər zaman diqqətimi çəkib. 2015-ci ildə isə qarşıma çıxan bir şansı dəyərləndirib Çinə gəldim. İlk başda çox tərəddüd edirdim, hətta ilk günlər geri dönməyi belə, düşünürdüm. Bunu bildiyim üçün Bakıdakı iş yerimdən çıxmamışdım, sadəcə ərizəmi hazır saxlamışdım - birdəm geri qayıdaram deyə. Sonrakı günlərdə isə alışmağa başladım, ərizəmi iş yerimə təqdim edib, rəsmi olaraq işdən azad oldum. Sonra 7 il öncə başlayan və hələ də davam edən Çin macəram başladı.
Bakıdakı təhsilimdən sonra, burada ikinci təhsil olaraq Çin dili üzrə əvvəlcə Pekin Paytaxt Universitetində, daha sonra isə Şanxay Donghua Universitetində təhsil aldım. Məzun olduqdan sonra dayanmadım, işlədim və hal-hazırda Haimen (Nantong) şəhərində yaşayıram. Bəli, gənclərimizin bir çoxu yaşayış standartlarını nəzərə alaraq, Avropaya üz tutub orada təhsil alıb, sonradan orada yaşamaq arzusundadır. Amma istər Çin olsun, istərsə də başqa bir Uzaq Şərq ölkəsi, buralarda təhsil alan, yaşayan, işləyən həmyerlilərimizin də sayı az deyil.
- Çindən danışanda nədənsə hamının ağlına “hərəkət edən hər şeyi yeyənlər” gəlir. Bu, doğrudan belədir?
- Əlbəttə ki, yox. Ümumi olaraq Çin üçün, çinlilər üçün xoşagəlməz ifadələrdən istifadə olunur. Sizin də dediyiniz kimi, “hər şeyi yeyən” kimi qələmə verilirlər. Amma çinlilərin də bir qırmızı xətti var. Sadecə bu ölkədnin hər bir bölgəsinin fərqli mətbəxi, təamı və zövqləri var. Bizə iyrənc gələn onlara xoş, onlara iyrənc gələn bizə xoş ola bilər. Mənə gəldikdə isə, mən bir az yemək düşkünü insanam. Bunu çox yediyim anlamda yox, fərqli şeylər yeyərək, maraq xətrinə dadmaq üçün nəzərdə tuturam. Məsələn, köpəkbalığı, su ilanı, ilan, qurbağa, ilbiz, tısbağa, donuz beyni və adını bilmədiyim, indi xatırlamadığım bir çox dəniz məhsullarını, yemək çeşidlərini dadmışam.
Əlbəttə, bu, onları hər gün yediyim anlamına gəlmir. Gündəlik olaraq burada yeyə biləcəyiniz, bizim mətbəxə oxşamasa da, amma yeyilə bilinəcək yeməklər çoxdur. Çin mətbəxi çox zəngindir. Hərdən sosial şəbəkədə bu mətbəxdən yemək paylaşanda “çox iyrəncdir” şərhləri gəlir. Bəziləri ciddi, bəziləri zarafatla desə də, nəticədə bu, başqa bir coğrafi ərazinin öyrəşdiyi, ağız dadına xas cəhətdir. Bizim də yeməklərimiz onlara qəribə gəlir. Mən mənsub olduğum cənub mətbəxindən, ləvəngidən belə, hazırlayıb çinli dostarı qonaq etmişəm, onlara da maraqlı gəlir.
- Bir də Çin deyəndə biznes, on illərdir Azərbaycanın çörəyi çıxdığı Çin məhsulları ilə alver yada düşür. Sizin təəssürat necədir, əvvəlki illərə baxanda, sanki bizim Çindən “mal vuran”ların sayı azalıb...
- Əslində, Çin ilə ticarət edənlərin sayı azalmayıb, əksinə artıb. Azərbaycan ilə Çin arasında illik ticarət dövriyyəsi əvvələ nəzərən ən az 3 dəfə artıb. Sadəcə, əvvəl ticarət etmək istəyən özü birbaşa gəlib, alverini edib, sonra geri dönürdü. İndi isə bunu vasitəçi şirkətlər və ya fərdi şəxslər edirlər. Digər bir məqam da var. Məsələn, əvvəl 10 nəfər gəlib 100 min manatlıq alış edirdisə, indi 1 nəfər gəlib 1 milyonluq alış edir, digər 9 nəfər də o şəxsdən alır. Bu şəxs topdan satıcı olur, digər 9 nəfər isə məhsulunu topdan satıcıdan alaraq davam edir. Ona görə də Çin ilə birbaşa ticarət etmək istəyən kəs indiki dövrdə ya nəsə qeyri-adi bir sektora baş vurmalı, ya da monoton bildiyimiz sektorlara yüksək sərmayə qoyaraq başlamalıdır. Əks halda oturuşmuş sahələrdə, 20 ildən çoxdur burada yaşayıb-işləyən şəxslərlə baş etmək o qədər də asan iş deyil.
- Çindəki həyatınız maraqlıdır? Misal üçün, bir gününüz necə keçir?
- 2015-ci ildə, Pekində yaşadığım ilk vaxtlarda Çinin məşhur Sogou (Sougou) şirkətinin aparıcı şəbəkələrinin birində İT-İD üzrə fəaliyyət göstərirdim. Şanxaya köçdükdən sonra təhsilə fokuslandığım üçün xırda işlər xaricində elə bir fəaliyyətim yox idi. Daha sonra ticarət işləri ilə məşğul olmağa cəhd etsəm də, bu, o qədər də asan olmadı. Dediyim kimi, bu, yüksək sərmayə tələb edir. Son olaraq, pandemiyadan qabaq 2 işim var idi - ingilis-Çin-Azərbaycan dilləri üzrə şifahi tərcüməçi (həm sərbəst, həm də yarı dövlət sektorunda), ikinci işim isə ingilis dili üzrə müəllimlik (ESL-TROT) edirdim. Pandemiya ilə əlaqədar olaraq Çinə xarici vətəndaş axını dayandığı üçün ilk işim avtomatik olaraq dayandı. Hazırda ikinci işimə davam edirəm. “Bir günüm necə keçir” sualına cavab vermək bir az çətindir, çünki hər günüm fərqli keçir. Bizdə standart rejim olmadığı üçün bir gün səhər, bir gün axşam işləyirəm. Bəzən günlərlə tam rejimdə fəaliyyət göstərirəm.
- Pandemiya üçüncü ildir ki, dünyanı müxtəlif formada “vurur”. Müharibələr, münaqişələr fonunda hərdən bu bəla yaddan çıxsa da, qadağalar var. Biz virus bəlasının bitdiyinə sevinmişkən, Çində koronovirusla bağlı yeni dalğanın gəldiyi xəbəri yayılır. Nə məsələdir?
- Bəli, burada artıq 2 həftədən çoxdur ki, yeni bir dalğa başlayıb. Şanxay şəhəri tam karantinə alınıb. Bizim şəhər Şanxaydan 80 km aralı olduğu üçün bizdə də yarıkarantin qaydası tətbiq olunur. Çölə çıxmaq sərbəst olsa da, aptek və marketlərdən başqa gediləcək heç bir yer yoxdur. İş yerləri belə, bağlanıb. Açıq havada sərbəst olsa da, qapalı yerlərdə maska taxmaq məcburiyyəti də var. Şəhərə giriş-çıxış isə, ümumiyyətlə, bağlıdır. Amma Çinin bütün bölgələri və ya şəhərləri belə deyil. Bu qaydalar bir sıra şəhərlərində tətbiq olunur. Elə şəhərlər də var ki, həyat öz axarında davam edir.
- Çində vaksinasiyanın uğurlu olduğu deyilir. Bəs nə baş verdi ki, yenidən yoluxma başladı? Yeni dalğa xəbərləri bizdə də yenidən təşviş yaradır.
- Bəli, Çindən 3 il əvvəl virus dalğası dünyaya yayılsa da, Çin tez zamanda vəziyyətdən çıxdı. Burada demək olar ki, hamı vaksin olunub. Amma fakt odur, yenidən yayılma təhlükəsi olduğu deyilir.
- Ümimiyyətlə, maraqlıdır, Çindən başlayan virusun yaranma və yayılma səbəbi hələ də açıq sual kimi qalır. Bu səbəb tapılmadımı? Çinlilər nə düşünürlər?
- Virusun ilk yayılma yeri olaraq Uhan (Wuhan) şəhərindəki bir bazar göstərilir və bu, rəsmi məlumatdır. Amma başlama səbəbi ilə bağlı hələ də heç bir rəsmi məlumat yoxdur. Yarasa ilə bağlı deyilənlər isə, mənə görə, cəfəngiyyatdan başqa bir şey deyil. Əvvəllər virusun Afrikadan ölkəyə gələn çinlilərdən yayıldığı fikri vardı.
Maraqlı bir məqam odur ki, istər Çində, istərsə də xaricdə bir çox insanlar, mənbələr bunun bioloji hücum və ya terror olduğunu iddia edirlər. Ancaq bununla bağlı da tam rəsmi məlumat yoxdur. Nə vaxtsa olacağına da açıqcası inanmıram. Ən azından olsa belə, doğru olacağına inanmıram. İndiki halda ümid edək ki, bu dəfə virus Çindəcə qalar. Yayılma mənim uğursuz ayağımla da bağlı ola bilər (gülür – R.E.). Mən 2019-cu ildə burada dalğa yaranan kimi Türkiyəyə getdim - getdiyim gün ölkədə virus aşkarlandı, gəldim Vətənimə - Azərbaycanda ilk virusa yoluxma xəbəri çıxdı, qayıtdım yenidən Çinə.
- Çində təhsil məsələsi də çoxları üçün maraqlı gəlir. Bu barədə bir bələdçi kimi nə tövsiyəniz olardı?
- Ən əvvəl deyərdim ki, gənclər sırf Avropada yaşamaq adına o ölkələrin təhsil baxımından güclü olmayan, dünya sıralamasında çox-çox alt pillələrində yer alan, hətta bəzən siyahıda belə, olmayan universitetlərinə üz tuturlar. Bundansa tövsiyə edərdim ki, Çinin təhsil baxımından güclü və nüfuzlu universitetlərində təhsil alsınlar. Bu universitetlərin hər birinin təqaüd proqramları var. Azərbaycan ilə Çin arasında imzalanan təhsil memorandumuna əsasən, dövlət təqaüd proqramı ilə yanaşı, bölgə üzrə, şəhərlərarası və eləcə də universitetlərarası təqaüd proqramları mövcuddur. Onlar bunlardan yararlana bilərlər. Son illərdə bura gəlib, təhsil alan azərbaycanlı tələbələrin sayı da kəskin şəkildə artıb. İş imkanlarına gəldikdə isə, burada iş imkanları çoxdur. Yaxşı ixtisasınız varsa, yüksək səviyyəli şirkətlərdə iş tapmaq şansınız çox yüksəkdir. Təhsil aldığınız dövrdə Çin dilini də öyrənsəniz, bu şans ikiyə qatlanacaq.
- Bildiyimiz kimi, Pekin Universitetində azərbaycanşünaslıq fakültəsi var. Çinlinin Azərbaycan və onun dilinə marağı nə dərəcədədir?
- Burada 7 il yaşadığımı nəzərə alsaq, çinlilərin 7 il öncəyə nəzərən Azərbaycan barəsindəki bilgiləri çox artıb. Azərbaycanla Çin arasındakı əməkdaşlıqlar, səfirliyin rolu, əlbəttə var, amma burada təhsil alan tələbələrin, yaşayan həmyerlilərimizin də haqqını yemək olmaz. Mən də tələbə olduğum dönəmlərdə universitetdə hər il keçirilən mədəniyyətlər festivalında Azərbaycanı əlimdən gəldiyi qədər təmsil etmişəm. Təbii ki, bunu tək yox, yaşadığım şəhərdə yaşayan digər azərbaycanlıların dəstəyi ilə etmişəm.
İndiki yaşadığım şəhərdə isə tək azərbaycanlı mən olduğum üçün bu, bir az çətindir. Ancaq yenə də əlimdən gələni edirəm. Aqşin Əliyev adlı müəllimi uzun illərdir tanıyıram. Çox savadlı, vətənpərvər və zəhmətkeş biridir. Aqşin müəllimin bir çox uğurları var, amma ən böyük uğurlarından biri Pekin Dillər Universitetində azərbaycanşünaslıq fakültəsinin yaradılmasındakı əvəzolunmaz əməyidir. Nəticə etibarilə dünyada ilk dəfə xarici bir ölkədə azərbaycanşünaslıq üzrə təhsil alan əcnəbi tələbələr onun tələbələridir. Dilimizə göstərilən maraq hələlik kəmiyyət olaraq azlıq təşkil etsə də, heç şübhəm yoxdur ki, bu say gələcəkdə Aqşin müəllim və onun timsalında olan digər şəxslərin sayəsində artacaq.
- Elmar, son olaraq, valideynləriniz Çindəki həyatınıza nə deyirlər? Yəqin ki, geri dönüş arzusundadırlar... Çinli xanımla ailə qursanız, onlara sürpriz olmaz ki?
- İlk başda Çinə köçməyim ilə barışmadılar. Əlbəttə, evdən uzaq qalmaq, həyatını dəyişmək asan iş deyil - həm mənim, həm də onlar üçün. Amma tədricən qərarımla barışdılar. Artıq onlar üçün din, dil, irq fərqi yoxdur, təki hər şey mənim üçün xeyirli və uğurlu olsun. Ümid edirəm ki, bu mənada həm özümü, həm də doğmalarımı yanıltmaram.