Yoldan keçənlər ayaq saxlayır, onu seyr edir, suyundan içirlər
Azərbaycanın Qərb bölgəsində, Ağstafa rayonu ərazisində mövcud olan qeyri-adi təbiət hadisəsi görənləri heyran edir. Belə ki, bir-birinə əks olan od ilə su burada bir araya gəlir və yerin altından çıxan su yanır.
Bu möcüzəvi bulaq rayonun Saloğlu kəndi yaxınlığında, Ağstafa-Poylu- Gürcüstan yolunun üstündə yerləşir. Yerli sakinlər bu bulağı “Yanar su” adlandırırlar.
Sakinlərin sözlərinə görə, ötən əsrin 70-ci illərində bu ərazilərdə neft axtarışları aparılıb və bu məqsədlə də bəzi yerlərdə kəşfiyyat quyuları qazılıb. Belə quyuların birindən isə neft deyil, qazla birlikdə su çıxıb.
Ətraf kəndlərin sakinləri bu sudan içməklə yanaşı müalicəvi məqsədlə də istifadə edirlər. Tərkibində çox miqdarda kükürd olduğundan, dəri xəstəliklərinin, yaraların sağalmasında müalicəvi rol oynayır. Eyni zamanda, mədə-bağırsaq sisteminə də çox xeyri dəydiyi deyilir. İnsanların fikrincə, bu sudan daim istifadə edən insanların böyrəyində heç zaman daş olmur.
Suyun müalicəvi tərkibi, alovla birgə axması, içmək üçün yararlı olması insanların bu bulağa olan marağını artırır. Yoldan keçənlər ayaq saxlayır, sudan içir, şəkil çəkdirirlər. Gecələr isə bulağın alovu ətrafa işıq saçaraq daha əsrarəngiz mənzərə yaradır.