“Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası yeni situasiyaya uyğunlaşdırılmalıdır”

Aktual

28.10.2021 - 10:25

Ərəstun Oruclu: “İkinci Qarabağ müharibəsindən sonra yaranmış regional və qlobal reallığa cavab verən yeni bir konsepsiya ortaya qoymaq lazımdır”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib. Tədbirdə Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsi iştirak edib.

R.Usubov tədbirdə bildirib ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar. Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.

Ə.Nağıyev isə hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsinin vacibliyindən bəhs edib, aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb. Onun sözlərinə görə, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir.

“Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daim ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür”, - deyə DTX rəisi vurğulayıb.

Təhlükəsizlik orqanlarının rəhbər şəxslərinin təhdidlər və təxribatlar barədə açıqlamalarını AYNA-ya dəyərləndirən təhlükəsizlik üzrə ekspert, “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, bu gün tamamilə yeni situasiya haqqında danışmaq lazımdır: “Daha doğrusu, danışmaq yox, hərəkət etmək lazımdır. Düşünürəm ki, ilk növbədə müzakirə olunmalı məsələ Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının yaranmış yeni situasiyaya uyğunlaşdırılmasıdır. Yəni İkinci Qarabağ müharibəsindən sonra yaranmış regional və qlobal reallığa cavab verən yeni bir konsepsiya ortaya qoyulmalıdır. Yaxud da, mövcud konsepsiya yenilənməlidir ki, yeni çağırışlar, yeni təhdidlər və onlara qarşı mübarizə, reaksiya öz əksini tapsın”.

Ekspertin sözlərinə görə Ermənistandakı revanşist qüvvələrin bəyanatları, təhdidləri o qədər də əhəmiyyətli deyil: “Çünki Ermənistan düşmən dövlətdir. Azərbaycanla Ermənistan arasında sülh imzalanmadığı müddətdə, bu cür revanşist çağırışlar ediləcək. Yeri gəlmişkən, sülh müqaviləsinin imzalanacağını da gözləmirəm. Ona görə ki, sülh müqaviləsinin imzalanmasından rəsmi İrəvan imtina edir. Yenə danışıqlar keçiriləcək, İrəvan yenə də Qarabağdakı ermənilərə status tələb edəcək, Azərbaycan bununla razılaşmayacaq. Beləliklə də uzunmüddətli danışıqlar prosesi başlayacaq. Ermənistandakı revanşist meyllər də bu müddətdə qalacaq, hətta zaman keçdikcə bir qədər artacaq. Bu baxımdan, hesab edirəm ki, sözügedən tədbirdəki çıxışlar ümumidir və bu günün reallıqlarına cavab verdiyini düşünmürəm”.

Mərkəz rəhbərinin qənaətincə, Milli Təhlükəsizlik Konsepsiyasının üzərində həm ölkə daxilindəki, həm regiondakı, həm də qlobal aləmdəki yeni reallıqları bilən mütəxəssislər işləməlidirlər: “Məncə, bu, Usubovun işi deyil. Onun töhfə verəcəyi, rasional yanaşma ortaya qoyacağı məsələ deyil. Bu məsələ standart ifadələrlə yola veriləcək məsələ deyil. Həmin tədbirdə nəzərəçarpan hal Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsinin iştirakı idi. Bu, şübhəsiz ki, yeni və müsbət tendensiyadır”.

Oruclu vurğulayıb ki, xarici qüvvələrin Azərbaycandakı uzantılarının təhdidi, təxribatı məsələsinə bir qədər ehtiyatlı yanaşmaq lazımdır: “2017-ci ildə Tərtərdəki qanlı cinayət bu məsələyə bir qədər ehtiyatlı yanaşma tələb edir. Ona görə ki, Azərbaycanda hüquq mühafizə, məhkəmə, hüquq sistemi ciddi şəkildə laxlayıb. Bu vəziyyətdə hansısa “casus ovu”, “xəyanətkar ovu” kimi addımların alqışlanmasının tərəfdarı deyiləm. Bu, yalnız o vaxt mümkün olar ki, ölkədə müstəqil və ədalətli məhkəmə sistemi yaradılsın”.

“Heç kim inkar etmir ki, istər İran, istər Rusiya, istərsə də digər ölkələrin Azərbaycana qarşı casusluq, pozuculuq, təxribat fəaliyyəti var. Amma İranı önə çəkib, Azərbaycana hər zaman ziyan vuran Rusiyanın fəaliyyətinə diqqət yetirməmək olmaz. Hüquq mühafizə sisteminin fəaliyyəti bir tərəfə yönlənməməlidir, çoxşaxəli olmalıdır. Bir tərəfə yönəlik fəaliyyət daha böyük problemin kölgədə qalmasına səbəb olur. “Casuslar var”, “təxribatçılar var” kimi ənənəvi metod fayda verməz”, - deyə analitik fikrini yekunlaşdırıb.

Müəllif: Anar Bayramoğlu