Xəzər Müdafiə Tədqiqatları Mərkəzi hərbi-siyasi araşdırmalar aparacaq
Azərbaycanda Xəzər Müdafiə Tədqiqatları Mərkəzi (Caspian Defense Research Center) yaradılıb. Mərkəzin sədri, hərbi-siyasi icmalçı Ramil Məmmədli AYNA-ya bildirib ki, bu sahədə fəaliyyət istiqamətinin genişlənməsi və təşkilatlanması, artıq zərurətə çevrilib.
“Bu məqsədlə də Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin yaradılmasına qərar verdik”, - deyə Məmmədli qeyd edib.
Onun sözlərinə görə, Mərkəz dünyada hərbi-siyasi vəziyyətə, hərbi-iqtisadi potensiala dair hesabatların hazırlanmasını, o cümlədən dünya müdafiə-sənaye sektorundakı yeniliklərin araşdırılmasını qarşısına məqsəd qoyub.
Məlumat üçün bildirək ki, Mərkəzin sədri Ramil Məmmədli uzun illər Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbuat orqanlarında çalışıb. Jurnalist kimi hərbi və hərbi-siyasi mövzuda ixtisaslaşıb. Fəaliyyətinin əsas hissəsi hərbi-siyasi icmalın aparılmasıdır. Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Ehtiyyatda olan zabitdir.