"Azərbaycanda hüquq xəcalətindən ölüb yerə girir"

Cəmiyyət

29.07.2019 - 20:00

Həkimlər Klinikalar SEO Xidməti

"Hakimlər dövlət adından qətnamə çıxarıb dövləti rüsvay edirlər"

 

İnsanlar hüquqları pozulanda məhkəməyə müraciət edirlər. Məhkəmələr isə ədalətli qərar çıxararaq insanların tapdanmış hüquqlarını bərpa edir. Bu, bütün düynada belədir.

 

Bəs görəsən, Azərbaycanda məhkəmələrlə bağlı vəziyyət necədir? Ölkə vətəndaşları məhkəmələrin fəaliyyətindən razıdırmı? Hakimlərin ədalətli və obyektiv qərar qəbul etdiklərini düşünürlərmi?

 

AYNA-nın əməkdaşı bu suallara cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğumuzda iştirak edənlərin cavabları belə olub:

 

Sevda Turan: “Azərbaycanda hakim üçün ədalətli qərar vermək məhkəməyə cibi dolu gələnin xeyrinə hökm oxumaqdır. Vəkillər də maklerdirlər. Məhkəməni öz xeyrlərinə qazanmaq üçün vəkillər hakim ilə şikayətçi arasında körpü rolu oynayırlar və şikayətçidən pul alıb hakimə daşıyırlar”.

 

İslam Qasımov: “Hakimlərin çoxu rüşvətxordur. Nə məhkəmə...?”

 

Natəvan Bağırova: “Bir nəfər mənim yaxın qohumuma 5000 manat pul "atmışdı". Məhkəməyə verdik. Birinci instansiya məhkəməsi qətnamə qəbul etdi ki, 5000 manat həmin adamdan alınıb bizə verilsin. Qarşı tərəf gedib Apellyasiya Məhkəməsinə şikayəti verdi və Apellyasiya Məhkəməsi 7 il dələduzluq edərək öhdəlikdən yayınan bir dələduzun xeyrinə qərar çıxardı. Ali Məhkəmə də bu qətnaməni qüvvədə saxladı. Ali rüşvətxor bizə bilirsiniz nə dedi? "Əşi, neynirsiz eeee 5 min manatı???" Bax belə. Şərəfini, ləyaqətini pula satan bu kimi hakimlər dövlət adından qətnamə çıxarıb Azərbaycan dövlətini rüsvay edirlər. Hakimlərin 99 faizi rüşvətxor, dələduz, illüziyaçıdır”.

 

Esmira Qasımova: “Hakimlərin və vəkillərin paltarlarında cib olmur, deyirlər. Doğrudur. Həqiqətən də onların paltarlarında cib olmur. Olsa da, gərək meşok olsun ki, bizim hakimlərin aldıqları pul ora yerləşsin”.

 

Bədir Əliyev: “Mən ədalət gördüm bu dünyada, amma ədalətli və ləyaqətli yanaşma görmədim”.

 

Sona Qurbanova: “Məhkəmə sistemindən razı deyiləm. Adi bank işində gördüm, necə haqsız davrandılar”.

 

Gulya İsgəndərli: “Ədalət və hakimlər bir-birinə tərs olan sözlərdir. Məhkəmənin işi normal deyil”.

 

Ruslan Eldaroğlu: “Hər şey vəkildən asılıdır. Problemimiz ondadır ki, şəxsi vəkil anlayışını formalaşdıra bilməmişik”.

 

Səbuhi Axundov: “Bu institut, tamamilə metastaz vermiş xərçəng xəstəliyinə bənzəyir. Müalicəsi mümkün deyil. Unsan kirləndisə, onu paltar kimi yuyub təmizləmək mümkün deyil. Bizdə hakimlərin 90%-i ya sifarişli işlərdən, ya da maraq qarşısında qərəzli qərarlar çıxarmaqla kirləniblər. Onları haqq yoluna gətirib, hürr etmək mümkün deyil. Sadə misal çəkəcəm. Hər hakimin rəsmi işçisi 2 nəfərdir. Lap 3 olsun. İndi hər hakimin maaşını özü verdiyi 5 işçini necə saxlamasını hansı qaydada əsaslandıraq? Bir hakimin maaşı hamının maaşından çox olmalıdır. Amma 2000-3000 maaşla milyonluq villası olan, yüz minlik maşın sürən hakimlərin ədalətli qərar çıxarmağına necə inanmaq olar? Bir-iki hakim ola bilər ki, təzyiq olmadan işə baxarkən obyektiv olmağa çalışır. İnanın, elə qətnamələr göstərmək olar ki, hüquq xəcalətindən ölüb yerə girsin. Baxın, məhkəmələr bu qədər biabırçı gündədir. Məhkəmələri də “ASAN xidmət”ə versinlər, hamının canı qurtarsın”.

 

Leyla Abdullayeva: “Mən 2009-cu ildə Ağır Cinəyətlərə Dair İşlər üzrə Məhkəmənin iclasında iştirak etmişəm. Bu məhkəmə yol qəza ilə bağlı idi. Ən ağır vəziyyətdə yaralananlardan biri olmağıma baxmayaraq, məni zərərçəkmiş yox, şahid kimi göstərmişdilər. Həmin qəzada biri uşaq və biri böyük olmaqla 2 nəfər dünyasını dəyişmişdi. Amma günahkar hələ də azadlıqdadır”.

Müəllif: Təranə Xudabaxşiyeva