Azərbaycan Premyer Liqası və ölkə kuboku yarışları bitdi - <font color=red> QƏRAR</font>

İdman

18.06.2020 - 13:13

Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdiriləcək

 

İyunun 18-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. AYNA-nın xəbərinə görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İcraiyyə Komitəsinin üzvləri və digərləri iştirak ediblər.

 

COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər.

 

Sonra İcraiyyə Komitəsinin bütün üzvləri məsələ haqqında fikirlərini səsləndiriblər. Müzakirələrdən sonra COVID-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılmasından sonra komandaların məşqləri üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqasının və ölkə kuboku uğrunda yarışın dayandırılmasına qərar verilib. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdiriləcək.

 

2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılıb. Pandemiya ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunub.

 

2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməyəcək.

 

Pandemiya ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilərlər.

Müəllif: Ayna.az