“Avropalılara izah etməyə çalışıram ki, Putin getsə belə, Rusiyanın siyasəti dəyişməyəcək”

Dünya

22.05.2022 - 10:33

Vüqar Abbasov: “Burada Rusiya-Ukrayna müharibəsinə münasibət belədir: Moskvanın müharibəsi vəhşilik, Kiyevin müharibəsi müqəddəsdir”

Cənubi Qafqaz, Azərbaycan Rusiya işğalını, əsarətini əsrlərlə yaşayıb. Bu gün də belə bir təhlükənin olduğunu insanlarımız hiss edir, buna müqavimət hissini gücləndirir, daha tədbirli və hazırlıq olmağa köklənirlər. Ukraynada yaşanan müharibə də Rusiyanın qonşuları üçün daim təhlükə mənbəyi olduğunu isbat edir.

Bəs, Avropada nə düşünürlər? Rusiyaya, Moskvanın siyasətinə münasibət necədir? Kremlin Ukraynaya qarşı hərbi təcavüzü Avropa ictimaiyyətini silkələyə bildimi?

AYNA mövzunu Niderlandda yaşayan soydaşımız, jurnalist, diaspor fəalı Vüqar Abbasovla müzakirə edib.

- Bu gün İkinci Dünya müharibəsindən sonra Avropa qitəsində ən böyük müharibə yaşanır. Avropa nə düşünür bu haqda?

- Bəli, haqlısınız. İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, avropalılar müharibəni bu qədər yaxından hiss edirlər. Hətta ötən əsrin 90-cı illərinin əvvəlində Xorvatiya ilə Bosniya arasında olanlar belə, Qərbi Avropaya bu qədər təsir etməmişdi. Bunu yerli insanlarla söhbət etdikdə də eşitmək mümkündür. Avropanın nə düşündüyünü, elə bilirəm ki, liderlarlərinin timsalında görmək mümkündür. Birmənalı olaraq Ukraynaya dəstək verilir.

- Son yarım əsrdə müharibələrə kənardan baxan (ya da kənardan iştirak edən) qoca qitə bu gün müharibənin, qanın-qadanın mərkəzinə çevrilib. Avropalılar üçün bu, nəyin savaşıdır: Xeyirlə Şərin, Qərblə Şərqin, Şimalla Cənubun, yoxsa...?

- Sadə insanlar arasında buna Xeyirlə Şərin müharibəsi kimi baxırlar. Amma bilirsiniz ki, siyasət başqadır və siysətçilər bir qədər fərqli düşünə, amma fərqli danışa bilirlər. Napoleon “Siyasətçinin ürəyi yox, ancaq kəlləsi olur” deyib. Siyasətçilər üçün bu müharibə, düşünürəm ki, həm də Rusiyanın burnunun ovulması üçün yaxşı fürsət hesab oluna bilər, söhbət təbii ki, qərbli siyasətçilərdən gedir. Hətta bu fürsətin yaranması üçün zamanla əllərindən gələni etdiklərini də düşünmək mümkündür.

- Azərbaycan cəmiyyətinin tam əksəriyyəti Ukraynada baş verənləri Rusiyanın Ukraynaya hərbi təcavüzü hesab edir. Hollandiyada, ya da Avropada bu baş verənləri necə xarakterizə edirlər?

- Gi de Mopassannın belə bir sözü var: "Sakit qonşuya hücum edənlərin müharibəsi vəhşilik, vətənini müdafiə edənlərin müharibəsi isə müqəddəsdir". Niderlandda da Rusiya-Ukrayna müharibəsinə bu prizmadan baxırlar - Rusiyanın müharibəsi vəhşilik, Ukraynanın müharibəsi isə müqəddəsdir. Bu mənada Azərbaycan cəmiyyəti ilə Niderland cəmiyyətinin fikirləri üst-üstə düşür. Bilirsiniz ki, Niderland dövləti də Ukraynaya əlindən gələn bütün dəstəyi verib - bir çox sahələrdə, həmçinin silah-sursat baxımından. Bu da özlüyündə çox şeyi ifadə edir. 

- Cənubi Qafqazda Rusiya-Ukrayna müharibəsi birbaşa - tankla-topla hiss olunmur, amma etkisi buralardadır - demək olar ki, hər kəs müharibəni bir formada yaşayır. Bu bölgədən olan, amma o bölgədə (Avropada) yaşayan biri kimi nə deyərdiniz: müharibələrə yanaşmada buralı, yoxsa oralı olmaq...?

- Maraqlı sualdır... Əvvala qeyd edim ki, müharibənin təsiri burada da hər mənada hiss olunur. Ukraynadan çoxlu qaçqınlar var, onları yerləşdiriblər. Qiymətlərdə artım əməllicə hiss olunur. Xüsusən benzinin, qazın və sairin qiymətləri bahalaşıb. Bu isə, öz nöbəsində, ərzaq mallarının qiymətlərinə də təsirsiz ötüşə bilməz və beləliklə qiymət artımı zəncirvari olaraq hər sahədə hiss olunur.

Qaldı ki, müharibəyə yanaşmada buralı, yaxud da oralı olmağa... Qeyd etdiyim kimi, bu müharibəyə hər iki cəmiyyətin münasibəti təxminən eynidir və bu anlamda haralı olmağın önəmi yoxdur. Amma, əlbəttə ki, Azərbaycandan gəlimiş və Rusiyaya, Ukraynaya buradakı sadə insanların bir çoxundan daha çox bələd olan biri kimi yanaşmamda fərqlilik ola bilər. Bilirsiniz ki, bizim torpaqlarımız illərlə ermənilərin işğalında qaldı və onların da ən böyük havadarları Rusiya olub, bu gün də belədir. Təsadüfi deyil ki, bu gün də Ruisya sülhməramlı adı altında ordularını bizim ərazilərimizdə saxlayır.

Hər zaman, hər fürsətdə, tanıdığım, ünsiyyətdə olduğum niderlandlılara - istər sadə insanlara, istərsə də siyasət adamlarına və s. bu barədə danışır və təəssüf etdiyimi də bildirirəm ki, erməni məsələsində Qərb dövlətlərinin bir çoxunun mövqeyi Rusiya ilə eyni olub və bunun bu gün də dəyişdiyinə şübhə edirəm. Sualınızdan kənarlaşmayım, Azərbaycandan gəlib burada yaşayan, Rusiyanın ölkəmizə, xalqımıza etdiklərini bilən biri kimi Rusiyanın burnunun ovulmasını yerli niderlandlılardan daha çox istəyə bilərəm. Ancaq bizim problemlərimiz bununla həll olunacaqmı? Bu da ayrıca bir mövzudur.

- Nə deyirlər orada: müharibənin yekunu necə olacaq?

- Bəzi insanlarda Rusiyanın nüvə silahından istifadə edəcəyindən ehtiyat edirlər və bu məsələ dəfələrlə mətbuatda, telekanallarda müzakirə mövzusu olub. Müharibənin necə yekunlaşacağı barədə konkret bir fikir yoxdur. İnsanların bir çoxunda belə bir fikir də var ki, Putin gedərsə və yerinə başqa bir rəhbər gələrsə, Rusiya fərqli siyasət yürüdə bilər. Mən də söhbət etdiyim dostlara, insanlara hər zaman “Şəxslər dəyişə bilər, amma Rusiyanın siyasətinin dəyişəcəyinə inanmıram” deyirəm.  Sualınıza gəlincə: hər kəs Ukraynanın qələbə qazanmasını istəyir, buna ümid edir və buna inanmaq istəyir.

Müəllif: İsmayıl Məmmədli