İspaniyalı deputat: “Bu günə qədər 27 Aİ üzvü dövlətdən yalnız 10-u Fələstini dövlət kimi tanıyıb”
“Avropa İttifaqına (Aİ) üzv dövlətlər Fələstinin statusu ilə bağlı mövqelərinə yenidən baxmalı və onu ayrıca dövlət kimi tanımalıdırlar”. AYNA xəbər verir ki, bu sözləri Avropa Parlamentinin (AP) İspaniyadan olan üzvü Ana Mirandanın Aİ Şurasına müraciətində deyilir.
Deputat “Fələstinin Aİ-yə üzv dövlətlər tərəfindən təcili tanınması” müraciəti çərçivəsində Aİ-yə üzv dövlətləri yeni mövqe tutmağa çağırıb.
“İsrailin Qəzza zolağına təcavüzü başlayandan dekabrın 6-na olan məlumata görə, 15 min 523 fələstinli həlak olub, 42 000 nəfər isə yaralanıb”, deputat xatırladıb.
Miranda deyib ki, bu dəhşətli soyqırımı qarşısında və sülh prosesini irəli aparmaq üçün Aİ ölkələri yeni mövqe tutmalı və Fələstin dövlətini tanımalıdır: “Bu günə qədər 27 Aİ üzvü dövlətdən yalnız 10-u Fələstini dövlət kimi tanıyıb. Bununla əlaqədar olaraq, Fələstinin Avropa səviyyəsində tanınmasına nail olmaq üçün sualla Aİ Şurasına müraciət etdim”.
Bundan əvvəl Avropa Parlamentinin Sloveniyadan olan üzvü Matyaj Nemets bəyan etmişdi ki, İsrailin Fələstinin sakinlərinə qarşı “soyqırıma potensial töhfə verən” hərəkətlərinə dair sübutlar var.