19-cu sanksiyalar paketi bir sıra Rusiya və xarici banklarla əməliyyatlara qadağanı nəzərdə tutur
Avropa Komissiyası (AK) yeni məhdudiyyətlər, o cümlədən “Mir” ödəniş sisteminə qarşı tədbirlər və Rusiyanın süni intellekt texnologiyalarına və geoməlumatlara çıxışına məhdudiyyətlər barədə təkliflər təqdim edib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, AK sədri Ursula fon der Lyayen 19-cu sanksiyalar paketinin bir sıra Rusiya və xarici banklarla əməliyyatlara qadağa, həmçinin “Qazprom Neft” və “Rosneft”lə əməliyyatlara tam qadağanı nəzərdə tutduğunu qeyd edib.
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas isə deyib ki, paketə Rusiyanın “Mir” ödəniş sisteminə qarşı sanksiyalar da daxildir.
Bundan əlavə, kriptovalyuta sahəsində məhdudiyyətlər, Rusiyanın alternativ ödəniş sistemlərindən istifadə edən xarici banklara qarşı tədbirlər və xüsusi iqtisadi zonalardakı şirkətlərlə əməliyyatlara qadağa qoyulması təklif edilir.