“Aİ Venesuelada keçirilən seçkilərin nəticələrini tanıya bilmir”
“Avropa İttifaqı Venesuelada keçirilən son prezident seçkilərində Nikolas Maduronun yenidən seçilməsini tanıya bilmir. Çünki ölkənin seçki qurumu hələ də rəsmi səsvermə qeydlərini təqdim etməyib”. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
Brüssel qeyd edir ki, Aİ “Venesueladakı hadisələri böyük narahatlıqla izləməkdə” davam edir.
“Beynəlxalq seçki müşahidə missiyalarının hesabatlarında 28 iyulda keçirilmiş prezident seçkilərinin beynəlxalq seçki bütövlüyü standartlarına cavab vermədiyi açıq şəkildə qeyd edilib”, - dərc olunan qərarda deyilir.
Aİ Şurasının bəyanatında qeyd olunur ki, öz öhdəliklərinə baxmayaraq, “Venesuela Milli Seçki Şurası (CNE) hələ də seçki məntəqələrindən rəsmi səsvermə qeydlərini dərc etməyib”.
"Onları dəstəkləyən sübutlar olmadan, CNE tərəfindən avqustun 2-də dərc edilən nəticələr tanınmaz", - Avropa İttifaqı vurğulayıb.
Brüssel həmçinin qeyd edir ki, rəsmi səsvermə qeydlərinin tam dərcini gecikdirmək cəhdi “yalnız rəsmi dərc edilmiş nəticələrin etibarlılığına şübhə yaradır”.
Eyni zamanda, Aİ əlavə edir ki, Venesuela müxalifəti tərəfindən dərc edilmiş və bir neçə müstəqil təşkilat tərəfindən təsdiq edilmiş seçki səsvermə protokollarının surətləri göstərir ki, “Edmundo Qonzales Urrutia çox güman ki, prezident seçkilərində əhəmiyyətli səs çoxluğu ilə qalibdir”.
Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduro üçüncü dəfə qalib gəlib. Səslərin 80%-nin hesablanması ilə Maduro 44%-dən çox səs toplayan Demokratik Unitar Platformanın namizədi Edmund Qonzales Urrutianı qabaqlayaraq 51%-dən çox səs toplayıb.