Stella Assanc: “Julian ilə Ədliyyə Nazirliyi arasında prinsipial razılaşma var və onu Şimali Mariana adalarının hakimi imzalamalıdır”
“WikiLeaks”in qurucusu Julian Assanc onunla ABŞ Ədliyyə Nazirliyi arasında razılıq əldə edildikdən sonra azadlığa buraxılacaq. AYNA xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Stella Assanc “BBC News”a müsahibəsində deyib.
“Julian ilə Ədliyyə Nazirliyi arasında prinsipial razılaşma var və onu Şimali Mariana adalarının hakimi imzalamalıdır”, xanım Assanc bildirib.
O əlavə edib ki, sazişin imzalanacağı dinləmə çərşənbə günü, iyunun 26-da yerli vaxtla saat 9:00-da keçiriləcək.
Bundan əvvəl “WikiLeaks”in yaradıcısı Böyük Britaniyada həbsdən azad edilib.
Assanca qarşı iş onun “WikiLeaks” saytında ABŞ ordusunun İraq və Əfqanıstanda hərbi cinayətləri ilə bağlı sənədləri dərc etməsindən sonra başlayıb. 2010-cu ildə Assanc İsveçdə də zorlamada ittiham olunub. 2012-ci ildən o, ekstradisiya olunmamaq üçün Ekvadorun Böyük Britaniyadakı səfirliyində gizlənib. 2019-cu ildə Assanc siyasi sığınacaqdan məhrum edilib, bundan sonra həbs olunub. Jurnalist 1901 gün həbsdə olub.