“Artıq Qarabağ danışıqları çətin bərpa oluna”

Siyasət

03.09.2020 - 10:20

Tofiq Zülfüqarov: “Yerdə bir variant qalır – hərbi əməliyyatların başlaması”

 

Azərbaycan-Rusiya münasibətlərində yaşanan soyuqluq davam etməkdədir. Tovuz döyüşləri ərəfəsində Rusiyanın işğalçı Ermənistana silah satışı faktının ortaya çıxması ilə korlanan münasibətlər rəsmi təmaslarla da həll edilməmiş qalır.

 

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri, verdiyi bəyanatlar, “təyyarə ilə Ermənistana daşınan silah deyildi, tikinti materialları idi”, - deməsi də Azərbaycanı qane etmədi. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Moskva səfəri, rusiyalı həmkarı Sergey Lavrovla müzakirələri də məsələyə təsir göstərmədi. Prezidentin köməkçisi Hikmət Hacıyevin “Ermənistana silah satışı ilə bağlı Rusiya tərəfinin izahı bizi tam qane etmədi”, - ifadəsi də onu göstərir ki, hələlik ölkələr arasında buzlar əriməyib.

 

Ekspertlər isə bildirirlər ki, hazırda Rusiya-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ətrafında mürəkkəb situasiya hökm sürür. Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov saytımıza şərhində bildirmişdi ki, Rusiyanın Ermənistana silah göndərilməsini işğalçı ölkə tərəfi bir qədər şişirdir, bundan təbliğat vasitəsi kimi istifadə edir.

 

Bu dəfə AYNA-ya geniş müsahibəsində sabiq nazir bu fikirlərinə aydınlıq gətirməklə yanaşı, hazırkı proseslərə də öz yanaşmasını açıqlayıb. Zülfüqarov hesab edir ki, Azərbaycanla Rusiya arasında indi baş verənlər iki ölkə arasındakı hansısa mərhələdir:

“Belə deputatlar Milli Məclisdə yox, Rusiya Dumasında oturmalıdırlar”

- Coğrafi baxımdan Azərbaycan məcburdur ki, Rusiya ilə əlaqələri normal qaydada saxlasın. Təbii ki, rəsmi Bakı ilə Moskva arasında müəyyən soyuqluq mövcuddur. Bunun səbəbi sadə olmasa da, hər halda səbəblərdən biri Rusiya tərəfindən təklif edilən paralel yollardır, “treklər”dir. Bu gün faktiki olaraq Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində vasitəçidir. Amma eyni zamanda, Azərbaycanla qonşu, uzun tarixi əlaqələrə malik ölkədir. Bu baxımdan Moskvanın təklifi ondan ibarət idi ki, gəlin məsələləri ayıraq. Yəni, bir “trek”lə mədəni, iqtisadi, humanitar əlaqələri inkişaf etdirək, digər “trek”lə isə Qarabağ danışıqlarına vasitəçiliyimiz olsun. Təbii ki, Rusiyanın bu təklifinin qəbulu mümkün deyil. Azərbaycan bununla razı deyil, haqlıdır da. Rəsmi Bakının Kremlə iradı budur ki, ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələr inkişaf edir, əməkdaşlıq var, amma belə bir zamanda Azərbaycan torpaqlarını işğal edən Ermənistana Rusiyanın yardım etməsi, silah tədarükü doğru deyil. Bu, əlbəttə ki, münasibətlərə xələl gətirəcək, soyuqluq yaranacaq.

 

- Bu soyuqluq davamlı olacaqmı?

 

- Biz başa düşürük ki, 500 ton silah-sursatla Ermənistanın hərbi vəziyyəti düzələn deyil. Belə hesab edirəm ki, burada Ermənistanın əsas məqsədi təbliğatdır. Yada salaq ki, 2016-cı ildəki Aprel döyüşləri zamanı da İrəvan tərəfindən bu cür təbliğat aparılırdı. Həmin vaxt belə məlumatlar yayılmışdı ki, Ermənistana Rusiya tərəfindən “İsgəndər” raketləri verilib. İndi də Ermənistana uçuşlar vasitəsilə silah-sursat daşındığı məlumatları var. Mənə elə gəlir ki, əsasən ermənipərəst dairələr tərəfindən bu məsələ daha da şişirdilir, təbliğat aparılır. Belə təbliğatla görüntü yaradılır ki, guya, Rusiya Ermənistanın yanındadır, ona dəstəkdir. Buna təbii ki, biz o qədər də ciddi yanaşmamalıyıq, çox da inanmamalıyıq.

 

- Yəni, Rusiya Ermənistanın yanında deyil?

 

- Birincisi, Rusiya Ermənistana heç vaxt elə silah verməz ki, onlar özlərini tam şəkildə müdafiə edə bilsinlər, buna imkanları çatsın. Ermənistan hər zaman Rusiyadan asılı qalmalıdır. İrəvanın həmişə Moskvaya ehtiyacı olmalıdır. Bu, elementar siyasi məntiqdir. İkincisi, Azərbaycan son illərdə müdafiə imkanlarını genişləndirmək istiqamətində böyük miqdarda pullar xərcləyib, silah-sursat alıb. Azərbaycan Ordusunun gücünə bərabərləşməsi üçün Ermənistana böyük miqdarda pul lazımdır. Ermənistanda da pul yoxdur. Hazırkı vəziyyətdə isə Rusiyanın güclü silahları Ermənistana pulsuz bağışlaması mümkün görünmür. İndiki halda Rusiyanın özünün müdafiə çatışmazlığı mövcuddur, müdafiə büdcəsini azaltmağa məcburdur. Bu baxımdan vəziyyət mürəkkəbdir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti açıq şəkildə bildirdi ki, Ermənistana silah verilməsinə, Qarabağ münaqişəsi məsələsinə çox həssasdır. İctimaiyyət də, rəsmi dairələr də Moskvaya mesaj verdi ki, Rusiyanın paralel şəkildə Azərbaycanla əməkdaşlıq etməsi mümkün olmayacaq.

IV Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək

- Azərbaycan və Rusiya rəsmiləri arasındakı son təmaslar, müzakirələr və bu müzakirələrdə səslənən fikirlər, deyilən sözlər münasibətlərin soyuq olduğunu açıq şəkildə göstərdi. Necə düşünürsüz, Azərbaycan siyasi istiqamətini dəyişirmi?

 

- Paralel “trek”lər qurulurdu, hansı ki, Rusiya öz siyasətini bunun üzərində qururdu. Bu, Azərbaycan tərəfini qane etmir. Azərbaycan tərəfi haqlı olaraq ortaya məsələ qoyub - “bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, ərazilərimizi işğal edən, işğalçılıq siyasətini davam etdirən Ermənistana yardım düzgün deyil, bunu normal qarşılaya bilmərik”. Eyni zamanda, bu gün açıq etiraf etməliyik ki, Türkiyə faktoru da güclənib. Artıq Dağlıq Qarabağ məsələsi Türkiyənin həm xarici, həm də daxili siyasətinin əsas mövzularından biri olub. Rəsmi Ankara birmənalı olaraq özünün beynəlxalq öhdəliklərini, ən azı Naxçıvan bölgəsi ilə bağlı öhdəliyini açıq şəkildə gündəmə gətirib. Bildiyimiz kimi, 1920-ci il sazişinə görə, Türkiyə birmənalı olaraq Naxçıvanın indiki statusunun təminatçısıdır. Bu gün Türkiyə konkret bəyanatlar verir ki, Azərbaycanın yanındadır və hər bir imkanından istifadə edərək Azərbaycana yardım edəcək. Bunu da öhdəliklərinə əsaslanaraq bəyan edir. Belə vəziyyətdə Rusiya-Ermənistan münasibətləri daha çox böhranlı görünür. Biz görürük ki, Moskva-İrəvan əlaqələri ciddi şəkildə soyuqlaşıb. Bu gün Ermənistanın Rusiyanın onlara dəstək olacağı ilə bağlı böyük şübhələri var. Bu şübhələrin nəticəsində ermənilər müdafiə məsələləri ilə bağlı addımlar atırlar.

 

- Yəqin ki, Ermənistanın hazırlamağı nəzərdə tutduğu yeni Milli Müdafiə Strategiyasını nəzərdə tutursuz...

 

- Bəli. Ermənistanda bu yaxınlarda, mülkilərdən ibarət könüllü dəstələrin yaradılması məsələsi gündəmə gətirilib. Eyni zamanda, işğal olunmuş Azərbaycan ərazilərinə Ermənistanın rəhbəri Nikol Paşinyanın səfəri oldu. Və orada da ilk növbədə müdafiə məsələləri və könüllülərdən ibarət dəstələrin yaradılması müzakirə edildi. Rəsmi İrəvan başa düşür ki, Rusiyaya ümid olsa da, Moskvanın köməyi böyük şübhə altındadır. Rusiya sabah başlaya biləcək hərbi əməliyyatlarda Ermənistana kömək etsə də, bu, İrəvanın istədiyi kimi olmayacaq. Bunu Ermənistan hərbi-siyasi rəhbərliyi anlayır. Ona görə də, müdafiələrində olan boşluqları hansısa formada doldurmaq niyyətindədirlər. Həm də bunu tələsik şəkildə edirlər. Baş verənlər proseslərin hara istiqamətləndiyini bizə aydın şəkildə görməyə imkan yaradır.

 

- Belə başa düşdüm ki, qarşıda hərbi əməliyyatlar gözlənilir...

 

- Ermənistan rəhbərliyi bilir ki, Azərbaycan torpaqlarının anneksiyası gec və ya tez hərbi əməliyyatların təkrarlanmasına, müharibənin başlamasına gətirib çıxaracaq. Bu, bizə aydın görünür, eləcə də, Ermənistan cəmiyyətinə və rəhbərliyinə.

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə birgə  bəyanat yayıblar

- Tofiq müəllim, ATƏT-in Minsk Qrupunun formatında dəyişiklik məsələsi yenidən gündəmə gəlib. Belə fikirlər var ki, Azərbaycan tərəfi Türkiyəni Minsk Qrupunun həmsədri kimi görmək istəyir. Necə düşünürsünüz, format dəyişə bilərmi?

 

- Gəlin, açıq danışaq, Tovuz hadisələrində biz gördük ki, Minsk Qrupunun vasitəçiliyi əhəmiyyətini itirib. Sanki, belə bir institut mövcud deyil. Bir bəyanat veriblər, ona heç diqqət yetirən də yoxdur. İndiki mərhələdə Minsk Qrupunun fəaliyyəti aşağı səviyyədədir. Onun formatı əhəmiyyətlilik baxımından ikinci, hətta, üçüncü dərəcəli məsələdir. Tərkib dəyişdi, yoxsa dəyişmədi, bundan sonra nə olacaq?! Hesab etmirəm ki, Minsk Qrupunun tərkibi dəyişərsə, onun imkanları da genişlənəcək.

 

- Bəs, Minsk Qrupu əhəmiyyətini itiribsə, sülh danışıqlarının bərpası hansı formatda olacaq?

 

- Məntiq deyir ki, danışıqların bərpası çətindir. Ona görə ki, Ermənistan bu gün sülh danışıqlarını faktiki olaraq qəbul etmir. Ermənistanın rəhbəri Nikol Paşinyan danışıqların bərpası ilə bağlı 7 şərt irəli sürdü, hansı ki, o şərtləri Azərbaycan tərəfi heç vaxt qəbul etməyəcək. Cənab Prezident İlham Əliyev həmin şərtlərə qarşılıq cəmi bir şərt qoydu – işğal edilmiş Azərbaycan əraziləri azad edilməlidir. Vəssalam. Bu baxımdan demək olar ki, danışıqlar, əslində tezis şəklində baş verib. Sülh danışıqları bərpa edilsə, hər iki ölkə rəhbərinin məlum açıqlamaları, tezisləri ətrafında aparılmalıdır ki, onun da nəticəsi indidən bəllidir - müharibə. Tərəflər bərpa ediləcək danışıqlarda foks göstərəsi deyil. Bizi danışıqlarda maraqlandıran məqam, işğalda olan torpaqların azad edilməsidir. Ermənistan isə ərazilərimizi qaytarmaq niyyətində deyil. Əgər İrəvan bu mövqedədirsə, açıq şəkildə əraziləri boşaltmayacağını deyirsə, o zaman sülh danışıqları bu formatda aparılmasın, başqa formada aparılsın, mənası nədir ki?! Heç bir mənası yoxdur. Yerdə qalır bir variant, o da hərbi əməliyyatların başlamasıdır.

Müəllif: Anar Bayramoğlu