Antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb

Xəbərlər

30.08.2021 - 18:02

Faktlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

AQTA-dan AYNA-ya verilən məlumata görə, Bərdə rayonunun Qasımbəyli kəndində fiziki şəxs Alverdiyev Tural Arif oğluna məxsus saçaqlı pendir istehsalı sexində yoxlama aparılıb.

 

Yoxlama zamanı sexdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyi, habelə istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtlı-vaxtında aparılmadığı, sexdə çalışanların ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, hazır məhsulların baytarlıq (baytarlıq sanitariya) ekspertizasından keçmədən satışa verildiyi aşkar edilib.

 

Aşkar olunmuş faktlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.

Müəllif: Ayna.az