Amerikalı zabit: “NATO ölkələri Zelenskiyə gizli nifrət edir”

Dünya

05.06.2023 - 11:18

Skott Ritter: “Kiyevin NATO-ya qoşulmaq ümidləri illüziyadır”

“NATO ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskiyə gizli nifrət edir və ona hörmətsizlik göstərir. Ona görə də Kiyevin Alyansa qoşulmaq ümidləri illüziyadır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ ordusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter deyib.

Amerikalı zabitin sözlərinə görə, Zelenski nəinki uydurma dünyada yaşayır və Alyansa üzvlüklə bağlı illüziyalardadır, həm də Qərb ölkələrinin ona qarşı həqiqi münasibətini başa düşmür: “Zelenski başa düşmür ki, Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq, heç vaxt”

Bundan əvvəl Zelenski demişdi ki, Ukrayna Rusiyanın təcavüzkar müharibəsi başa çatana qədər NATO-ya üzv olmayacaq. Ukrayna lideri Kiyevin Alyans ölkələrindən heç birini hərbi münaqişəyə cəlb etməyəcəyini və buna görə də münaqişə bitənə qədər hərbi blokun üzvü olmayacağını söyləyib.

Dövlət başçısı onu da əmin edib ki, Ukrayna NATO-nu ölkə üçün təhlükəsizliyin ən yaxşı təminatı hesab edir və onu əvəz edəcək qurum axtarmır: “Biz NATO-nun əvəzedicisini axtarmırıq. Amma biz adekvat insanlarıq və başa düşürük ki, heç bir NATO ölkəsini müharibəyə sürükləmək düzgün deyil. Başa düşürük ki, bu müharibə davam edərkən biz NATO-nun üzvü olmayacağıq”.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, müharibənin getdiyi zaman Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır. Stoltenberq əlavə edib ki, yeganə sual münaqişə bitəndə nə baş verəcəyidir.

“Düşünürəm ki, hər kəs artıq başa düşüb ki, münaqişənin ortasında NATO-ya üzv olmaq məsələsi gündəmdə deyil”, - deyə NATO rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az