"ADEX" 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək
Regional müdafiə sənayesi üçün ən nüfuzlu və əhəmiyyətli platformalardan biri hesab edilən və Azərbaycanın müdafiə sənayesinin gücünü və potensialını dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
AYNA.AZ xəbər verir ki, həmin tarixlərdə “ADEX” ilə yanaşı, 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi olan “Securex Caspian” da keçiriləcək.
“ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilir. Sərgi “Caspian Event Organisers” şirkəti tərəfindən təşkil olunur.
“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, hazırda sərgiyə hazırlıq işləri fəal şəkildə davam edir.
Yüksək səviyyəli dövlət rəsmilərinin, beynəlxalq şirkətlərin və sənaye liderlərinin iştirak etdiyi “ADEX” sərgisi bir daha müdafiə sahəsində ən son innovasiyaların və qabaqcıl texnologiyaların nümayişi üçün əsas platforma rolunu oynayacaq, eyni zamanda, hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlıq üçün əhəmiyyətli imkanlar yaradacaq.