Hücumdan sonra polis məmuru təcili əməliyyat olunub, amma komaya düşüb
Almaniyanın Mannheim şəhərində anti-İslam tədbiri olan “Pax Europa” aksiyası zamanı bıçaqlı hücum nəticəsində yaralanan polis hücumdan iki gün sonra dünyasını dəyişib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə iyunun 2-də Baden-Vürtemberq federal əyalətinin kriminal polis idarəsi və Karlsrue Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir ki, hücumdan sonra polis məmuru təcili əməliyyat olunub, amma komaya düşüb və bazar günü axşam dünyasını dəyişib.
Almaniya kansleri Olaf Şolts “cəsur polisin” ölüm xəbərindən çox sarsıldığını bildirib: “Onun hamımızın təhlükəsizliyini qorumaq üçün göstərdiyi fədakarlıq ən yüksək qiymətə layiqdir”.
Hücum canlı yayımlanan “Pax Europa” aksiyası zamanı baş verib. Sosial şəbəkələrdə yayılan videoda uzun saqqallı eynəkli bir adamın “Pax Europa” stendinə toplaşan insanları bıçaqladığı əks olunub. Bir neçə nəfər bıçağı onun əlindən ala bilməyib və sonda hücumçunu polis gülləsi dayandırıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisəni törətdiyi ehtimal edilən şəxs 2014-cü ildən Almaniyada yaşayan 25 yaşlı Əfqanıstan əsilli şəxsdir. Onun Hessenin Heppenheim şəhərindəki qaldığı evdə axtarış aparılıb.
Mannheim şəhərindəki Bazar Meydanına hücumdan sonra o, polisin açdığı atəş nəticəsində yaralanıb və əməliyyat olunub. Lakin onun vəziyyəti dindirilməyə imkan vermir.
Hücum zamanı polis məmurundan başqa, hadisənin 5 iştirakçısı da yaralanıb. “Pax Europa” nümayəndələrinin sözlərinə görə, hücumun əsas hədəfi bu hərəkatın lideri Maykl Ştürzenberqer olub.