Almaniya 2025-ci ildə Ukraynaya əlavə yardım göstərməkdən imtina qərarına gəlib
Almaniya 2025-ci ildə Ukraynaya əlavə yardım göstərməkdən imtina qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Sonntagszeitung” öz mənbələrinə və sənədlərinə istinadən yazıb.
Nəşr qeyd edib ki, Kiyev yalnız Almaniya büdcəsinə artıq daxil edilmiş 4 milyard avroya arxalana biləcək - bu, 2024-cü ildə ayrılan vəsaitin yarısı qədərdir.
Qərar Olaf Şoltsun ofisi və Kristian Lindnerin rəhbərlik etdiyi Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən xərclərin azaldılması tədbirləri ilə bağlıdır. Bu, əvvəllər təsdiq edilmiş yardıma təsir etməyəcək, lakin Almaniya Müdafiə Nazirliyinin hər hansı digər müraciətləri rədd ediləcək. Çünki nazir Boris Pistorius artıq məlumatlandırılıb.
Mənbənin sözlərinə görə, məhdudiyyətlər qüvvəyə minib: məsələn, son vaxtlar Ukraynaya xüsusi hazırlanmış İRİS-T hava hücumundan müdafiə sisteminin tədarükünü maliyyələşdirmək mümkün olmayıb.
Almaniya büdcəsindən ayrılan yardımın azaldılması ilə bağlı məlumatı nəşrin Bundestaqdakı həmsöhbəti də təsdiqləyib. Eyni zamanda, o iddia edir ki, Almaniya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri bu məqsədlər üçün istifadə etməyə ümid edir və müvafiq maliyyə alətinin “G7 və Aİ çərçivəsində yaradılmasına” ümid edir.
Öz növbəsində, Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi Berlindən Kiyevə yardımın “dayanması” ilə bağlı məlumatı “yanlış” adlandırıb.
"Bu, gələn il üçün yardımın yarıya qədər azaldılması ilə bağlı əvvəlki hesabatlarla eyni manipulyasiyadır", - diplomat bildirib.
Onun sözlərinə görə, Almaniyanın 2025-ci ildə Ukraynaya ayıracağı vəsaitin məbləği büdcənin yekun təsdiqindən sonra yalnız noyabrda məlum olacaq. Tixi xatırladıb ki, ötən il Berlin ilkin olaraq analoji məbləği - 4 milyard avro elan edib, lakin payızda büdcənin qəbul edilməsinin parlament mərhələsində bu məbləğ artıb.
İyulda “Reuters” yazıb ki, Almaniya hökuməti xəzinədəki boşluq, həmçinin Almaniya hərbi-sənaye kompleksinin öz ehtiyatlarını doldurmağa vaxtı olmadığı üçün Ukraynaya hərbi dəstək xərclərini yarıbayarı azaltmaq qərarına gəlib.
Almaniya Ukraynanın sponsorları siyahısında ABŞ-dan sonra ikinci yerdədir. Mayın sonuna Berlindən Kiyevə köçürülən və elan edilən yardımın həcmi 28 milyard avro təşkil edib. Kansler Şolts Almaniyanın büdcə problemlərinin olduğunu etiraf edib, lakin Ukraynaya dəstəyin davam edəcəyinə əmin olub.