“Əlavə araşdırmalar göstərəcək ki, mənim bunun arxasında Rusiyanın dayanması ilə bağlı ilkin şübhələrim təsdiqlənsin”
Almaniya içməli suyun zəhərlənə biləcəyi iki alman hərbi bazasında Rusiyanı təxribat törətməkdə şübhələnir. AYNA xəbər verir ki, bu barəıdə Berlində parlamentin aşağı palatasının müdafiə komitəsinin sədri Markus Faber “Bloomberg”ə deyib.
“Əlavə araşdırmalar göstərəcək ki, mənim bunun arxasında Rusiyanın dayanması ilə bağlı ilkin şübhələrim təsdiqlənsin”, o, nəşrə müsahibəsində deyib.
Siyasətçi həmçinin bildirib ki, müstəntiqlərdə Almaniya hökumətinin üzvləri, o cümlədən kansler Olaf Şolts tərəfindən də istifadə edilən Köln-Van aviabazasında təxribat aktı ilə bağlı “şübhələr artır”.
Qeyd edək ki, avqustun 14-də Almaniyanın iki nəşri – “Spigel” və “Süddeutsche Zeitung” Almaniyada iki hərbi bazanın obyektlərdə mümkün təxribat səbəbindən bağlandığını yazıb. Söhbət Köln yaxınlığında yerləşən Bundesverin Köln-Van aviabazasından və qonşu Qeilenkirxendəki NATO aerodromundan gedir. Nəşrlərin yazdığına görə, naməlum şəxslər binaya girərək oradakı içməli suya zəhər qatıblar.
Tezliklə bu məlumat alman hərbçiləri və NATO nümayəndələri tərəfindən rəsmən təsdiqlənib. Şimali Atlantika Alyansı vurğulayıb ki, Qeilenkirxen aerodromuna nüfuz etmək cəhdi son nəticədə dayandırılıb, lakin Köln-Van bazasında baş verən insidentlə əlaqədar obyektdə su ehtiyatlarının əlavə yoxlanışının təşkili qərara alınıb.
Hadisədən sonra parlamentin Almaniya kəşfiyyat xidmətlərinə nəzarət edən komitəsinin rəhbəri Konstantin fon Nots xatırladıb ki, Rusiya Avropada təkcə təxribatla deyil, həm də kibercinayətkarlıqla məşğuldur, məqsədi Ukraynaya yardımı zəiflətmək və Qərb cəmiyyətini parçalamaqdır.
“Kiberhücumlar demək olar ki, hər gün baş verir. Almaniyada, Avropada və ABŞ-da antidemokratik partiyalar və şəxslər tərəfindən kütləvi dezinformasiya kampaniyaları aparılır”, - deyə bildirib.
Yazda Aİ kəşfiyyat xidmətləri Rusiyanın Avropada təxribat, o cümlədən həssas obyektlərdə partlayışlar və yanğınlar hazırladığını bildirib. Avropa İttifaqı daha sonra vurğulayıb ki, rus agentləri əvvəlkindən daha “daha koordinasiyalı və aqressiv” hərəkət etməyə hazırdır.