Akşener postudan getdi: İYİ Partiyanın yeni sədri Müsavat Dərvişoğlu seçilib

Dünya

28.04.2024 - 20:19

Digər namizəd Koray Aydın 548 səs toplayaraq ikinci olub

Türkiyənin müxalifətdə olan İYİ Partiyasının dünən Ankarada keçirilən növbədənkənar qurultayında Müsavat Dərvişoğlu 611 səslə partiyanın yeni sədri olub. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir.

Digər namizəd Koray Aydın (əslində o, daha populyar idi və buna görə də favorit sayılırdı) 548 səs toplayaraq ikinci olub.

Dərvişoğlu qələbədən sonra verdiyi ilk açıqlamada sevincini ifadə edib və etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib. “Heç bir şey əvvəlki kimi olmayacaq”.

Xatırladaq ki, partiyanın keçmiş başqanı Meral Akşener seçkilərə qatılmayıb. Səbəb onun prezident, parlament və bələdiyyə seçkiləri zamanı atdığı addımlar və əsasən 6 partiyanın koalisiyasına ümidlərinin puça çıxmasıdır.

Bu partiya özünü sağ mərkəzçi siyasi hərəkat kimi təqdim edir və əsasən millətçi, liberal və mühafizəkar seçiciləri təmsil etməyə çalışır.

Müəllif: Ayna.az