Nazir: “Yalnız terrorçular və terrorçulara məxsus strukturlar hədəfə alınıb”
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Kılıc” adı altında xüsusi antiterror əməliyyatı keçirib.
AYNA türk mediasına istinadən bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb və buna böyük həssaslıqla yanaşılıb.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar da əməliyyatlar barədə danışıb. Nazir deyib ki, terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları, terror təşkilatının qondarma qərargahı məhv edilib.
“Yalnız terrorçular və terrorçulara məxsus strukturlar hədəfə alınıb. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”, Akar bəyan edib.