Ağır xəstəlikdən əziyyət çəkən uşaqların analarından Mehriban Əliyevaya müraciət

Cəmiyyət

09.01.2020 - 19:54

"Sizdən xahiş edirik ki, “kistik fibroz” xəstəliyindən əziyyət çəkən xəstələrin dərmanlarının dövlət hesabına alınmasının icbari tibbi sığorta xidməti zərfinə salınması barədə göstəriş verəsiniz"

 

Azərbaycanda “kistik fibroz” xəstəliyindən əziyyət çəkən bir qrup uşağın anaları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıblar. AYNA-ya daxil olmuş müraciət məktubunda deyilir:

 

“Hörmətli, Mehriban xanım!

 

Biz çıxılmaz vəziyyətdə qalmış analar olaraq, sizdən Azərbaycan xanımı kimi, bir ana kimi kömək gözləyirik.

 

Bildiririk ki, övladlarımız genetik xəstəlik olan “kistik fibroz” xəstəliyindən əziyyət çəkir. Bu xəstəlikdən əziyyət çəkən xəstələr daim həkim nəzarətində olmalı, davamlı olaraq müəyyən dərman preparatlarını qəbul etməlidirlər. Xəstəliyin müalicəsi üçün əsas “Pulmozyme” dərmanından istifadə olunur ki, bu dərman da Azərbaycanda satılmır. Preparat ancaq xaricdən alınır və gətirilir. Bizim isə davamlı olaraq bunu almağa maddi imkanımız kifayət etmir. Bir ayda “Pulmozyme” dərmanından 30 ədəd istifadə olunmalıdır ki, bunu Türkiyədən almaq üçün 865 manat tələb olunur, həmçinin karqo xərci də əlavə olunur.

 

Bu dərman olmadan isə xəstələrin həyatı ciddi təhlükəyə girir. Ondan başqa isə bahalı antibiotiklər tətbiq olunur, həmçinin daim fizioterapeft nəzarətində olmalıdırlar. Bunlar da uzunmüddətli və çox çətin proseslərdir. Məsələn, “Ventolin nebules”, “Kreon” 10.000 ve 25.000 minlik (xəstələrin ehtiyaclarına görə doza dəyişir) “Ursofalk” (ursoactive), “Dekas plus softgels”, “Liquid (xəstələrin yaşlarına görə dəyisir) “naxl”, 0,9% “Hipotonik”, o cümlədən “Nebulazer” cihazı və s. tələb olunur.

 

Hörmətli, Mehriban xanım!

 

Müalicəsi və dərmanlar baha olduğu üçün bütün dünya ölkələrində bu xəstəliyin daşıyıcısı olan xəstələrə dərmanlar aylıq həkim təyinatı əsasında pulsuz verilir. Bizdə isə belə bir imkan yoxdur. Xəstəliyin genetik olması səbəbindən, övladlarımızın dərmanlarını almaq üçün baş vurduğumuz heç bir sığorta şirkəti də müraciətimizi qəbul etmir.

 

Bu səbəbdən Sizdən xahiş edirik ki, “kistik fibroz” xəstəliyindən əziyyət çəkən xəstələrin dərmanlarının dövlət hesabına alınmasının icbari tibbi sığorta xidməti zərfinə salınması barədə göstəriş verəsiniz. 

 

Müraciətimizi nəzərə alaraq bu barədə göstəriş verəcəyinizi ümüd edərək əvvəlcədən öz minnətdarlığımızı bildiririk”.

 

Qeyd edək ki, "kistik fibroz" qalıcı ağciyər infeksiyasına səbəb olan və zamanla nəfəsalma qabiliyyətini məhdudlaşdıran proqressiv, genetik xəstəlikdir.

Müəllif: Ayna.az