İki qatar qəzasından sonra Yunanıstanda kütləvi iğtişaşlar başlayıb
Bu gün Afinada Yunanıstan Parlamenti yaxınlığında Sintaqma meydanında genişmiqyaslı mitinq keçirilib. AYNA CNN-ə istinadən xəbər verir ki, iğtişaşlar zamanı polislə etirazçılar arasında toqquşma olub.
Bir qrup naməlum maskalı şəxs polislərə hücum edərək, onlara daş və molotov kokteyli atıb. Qarşıdurma zamanı izdiham polisə “utanc” və “qatil” şüarları səsləndirib. Təxribatlara cavab olaraq polis kimyəvi maddələrdən və səs qumbaraatanlardan istifadə edib.
Qeyd edək ki, dünən də Afinada böyük etiraz aksiyaları keçirilib. Etirazçılar “Bu cinayət unudulmayacaq, biz bütün ölülərin səsinə çevriləcəyik” şüarları səsləndiriblər.
Xatırladaq ki, martın 1-də Yunanıstanın Tempi şəhərində yük və sərnişin qatarlarının toqquşması nəticəsində böyük faciə yaşanıb. Yunanıstan Yanğınsöndürmə Xidmətinin məlumatına görə, qəza nəticəsində 57 nəfər həlak olub.
Hadisədən sonra Yunanıstanın infrastruktur və nəqliyyat naziri Kostas Karamanlis istefa verib.
Faciə ilə əlaqədar Afinada hökumət əleyhinə etirazlar başlayıb. Aksiyaçılar hesab edirlər ki, qəzaların baş verməsinə səbəb hökumətin yarıtmaz infrastruktur və nəqliyyat siyasətidir.