Adamdan çox polis varmış…

Arif Əliyev

20.10.2019 - 19:50

Müxalifətin öz işi var idi, polisin öz işi. Nəticə ümumi alındı

 

 

Sosial şəbəkələri, internet televiziyaları dolaşan “mitinqə cəhd qarşısının alınması” səhnələrindən birində sanki yol azıb bura düşmüş qoca kişi heyrətlə deyir: “Bu nədi ə, adamdan çox polis varmış ki!”

 

Polisin rəsmi məlumatına görə, cəhddə “ümumi sayı təxminən 220 nəfərədək olan” etirazçı iştirak edib. Bəs onda bu qədər aqressiya, qeyri-adekvat zorakılıq nümayiş etdirmək ehtiyacı nədən yaranıb? Ən biabırçı səhnə isə müxalifət liderinin saxlanılması anı idi ki, təsvirləri artıq dünya mediasını dolaşır. Özü də polislər sanki poza verir, kino çəkdirirdilər, Əli Kərimlinin qollarını qanırıb başından basa-basa, sürüyə-sürüyə bir avtobusdan digərinə doğru aparırdılar ki, kameralar istənilən qədər görüntü götürə bilsin. Müxalifət liderinin avtobusda verilən işgəncələr barədə danışdıqlarına isə inanmaq belə çətindir. Amma hamı inanacaq. Çünki polisin küncdə-bucaqda dayanmış adamları necə qamarlayıb başıaşağı çevirməsi, çabalayan arvad-uşağı vura-vura avtobusa sürüməsi kadrları istənilən qədərdir. 

 

Doğrudan da, adamdan çox polis varmış! Hətta qeyri-qanuni etiraz tədbirinin qarşısının alınması üçün də bu qədər qanunsuzluq, kiçikmiqyaslı etirazçı dəstəsinə qarşı bunca miqyassız zorakılıq nümayiş etdirmək, əlbəttə, yolverilməzdir! Bu, ilk dəfə deyil ki, baş verir və mənim fikrimcə, açıq-aşkar məqsədlidir! 

 

Oktyabrın 19-da şəhərin mərkəzində baş vermiş əhvalat Azərbaycan üçün izsiz ötüşməyəcək. Nə daxildə, nə xaricdə. Ən azı, onun 15 oktyabr müşavirəsindən sonra ölkədə və hətta dünyada Azərbaycanda dəyişikliklər haqqında başlanmış müzakirənin effektini öldürdüyü, gündəmi dəyişdiyi şəksizdir. Mən bilmirəm, müxalifətmi bunu daha çox istəyirdi, polismi? Amma nəticə ortaqdır. Vəziyyəti bir şey dəyişə bilər: baş verənlərə dövlət rəhbərliyi səviyyəsində adekvat qiymət verilməsi. 

 

Bu barədə daha geniş yazmaq istəyirdim. Amma “Bizim yol”un redaktoru Bahəddin Həziyevin Facebook statusunu oxuyandan sonra fikrimi dəyişdim və öz icazəsi ilə məqaləyə daxil etməklə kifayətləndim. 

 

“Bu gün şəhərin mərkəzində yaşananlara – müxalifətin 28 may metro stansiyası qarşısındakı meydanda mitinq keçirmək cəhdinə və onun qarşısının güc tətbiqi ilə alınmasına mən də qısaca öz mövqeyimi bildirmək istəyirəm. Bəli, o fikirlə razıyam ki, AXCP sədri Əli Kərimlinin və tərəfdarlarının şəhərin tam da mərkəzində icazəsiz mitinq keçirməsinə imkan verilmədi. Hakimiyyət mitinqin baş tutmadığını bildirir, müxalifət isə əksini deyir. Əsl gerçəklik də budur ki, önləyici tədbirlər də, mitinqə gələnlərə qarşı güc tətbiqi də formal baxımdan qanuni olmaqla yanaşı, ifrata vardı. Xüsusilə, siyasi partiya sədrinin saxlanılması zamanı polis əməkdaşları sanki bir terrorçunu həbs edirmişlər kimi başını yerə əyərək aparmaqla çox ciddi yanlışa yol verdilər. Bu, proseslərə neytral mövqedən yanaşan insanları belə qıcıqlandırır. Əlbəttə, çox yaxşı olardı ki, vətəndaşların sərbəst toplaşmaq hüququ dinc, qarşıdurma olmadan reallaşa bilsin. Mən hansı tərəfdən və hansı səbəbdən gəlməsindən asılı olmayaraq, zorakılığın əleyhinəyəm. Özüm də peşə fəaliyyətimlə bağlı zorakılığın qurbanı olmuşam. Bu, qəbuledilməzdir. Təbii ki, polis, təhlükəsizlik qüvvələri asayişi qorumaqla, sabitliyi və əmin-amanlığı qorumaqla mükəlləfdirlər. Ancaq qanunsuzluq varsa, onun qarşısını alanda polis və başqa legitim güc strukturları özləri qanundan kənara çıxmamalıdırlar. Əgər qanunu pozana qarşı mübarizədə qanundankənar addımlar norma olsaydı, onda ədalət məhkəməsinə nə ehtiyac olardı ki?! Əgər hər kəsin istədiyi yerdə, istədiyi kimi yaydığı şayiələr reallıq kimi qəbul olunsaydı, onda mətbuata nə ehtiyac qalardı?! Bəli, mitinqlərin rəsmi qurumlarla razılaşdırılmış yerlərdə keçirilməsi daha düzgündür. “Razılaşdırılmış” ifadəsi var burada. Yəni kompromis olması lazımdır. Sərbəst toplaşmaq istəyən müxalifətin şəhərin ucqarına göndərilməsi də kompromisdən uzaqdır, onların bununla razılaşmayaraq 28 may metro stansiyanın qarşısında mitinq keçirmək cəhdi də. Biz tez-tez deyirik ki, müharibə vəziyyətindəyik; bizi istəməyənlər çoxdur. Ayağımızın büdrəməsini gözləyənlər və istəyənlər pusquda dayanıblar. Bu, belədir. O üzdən prosesləri ölkədə daxili siyasi müvazinətin pozulmasına imkan vermədən, dinc, sivil yollarla aparmaq lazımdır. İslahatlara ehtiyac olduğu çoxdan bəlli. Zatən dövlət başçısı da son çıxışlarında islahatların alternativsiz olduğunu dedi. Bəli, sosial, iqtisadi sahələrlə yanaşı, siyasi islahatlara da zərurət ortada. Mən siyasi analitikaya, siyasi publisistikaya bələd olan biri kimi, bunu pis-yaxşı görə bilirəm. Siyasi mübarizəni virtual aləmdən real müstəviyə keçirmək zərurəti qaçılmazdır; siyasi mübarizəni elə növbəti seçkilərdəcə parlament müstəvisinə daşınmaq, ölkədə azad, sərbəst – emosiyaya deyil, ağıla apellyasiya edən müzakirə mühiti yaratmaq yaxşı olar. Qarşıdurma, qarşılıqlı nifrət bizi yaxşı yerə aparmır. Biz dövlətimizi sarsıntılardan, millətimizi mümkün faciəli ssenarilərdən birlikdə qorumalıyıq. Bu gün baş verənlər məni şəxsən çox üzdü. Ümid edirəm, qorxduğumuz başımıza gəlməz. Çünki bizim ağıllı başımız var. Nifrətimizə yenik düşməməliyik. Ümid edirəm saxlananlar tezliklə buraxılar. Və sərbəst toplaşmaq azadlığı da bundan sonra bütün tərəflərin qanun çərçivəsində hərəkət etməsi ilə təmin olunar. Bəlkə də, mənim fikrimlə razılaşmayacaqsınız. Hər halda ümid edirəm və arzulayıram…”

 

Sonda sosial şəbəkələrdən daha bir ibrətamiz sitat: “Bugünkü hadisələr, mitinq cəhdindən 3 saat qabaq mərkəzin polis qüvvələri tərəfindən mühasirəyə alınması məni və mənim kimi minlərlə siyasi iddialardan uzaq, amma sosial problemlər içində çabalayan insanları da siyasətə çəkir.”

 

Müəllif: Arif Əliyev