DİASPORUN PORTRETİNƏ CİZGİLƏR

Arif Əliyev

21.06.2019 - 10:10

Azərbaycana güc qazandırmaq üçün hər birimiz gərək əvvəlcə Vətəndən güc alaq

 

Uzaq xaricdə yaşayan soydaşlarımızın həyatına hələ bunca dərindən baş vurmamışdım: Avropanın, ardınca Amerikanın şimalına uzun səfər dünya azərbaycanlılarının “diaspor” adlanan qisminin keyfiyyəti, potensialı, problemləri barədə mənim təsəvvürlərimi xeyli durultdu.

 

Mən çox yerdə isti münasibət, ən xırda çətinliklərin həllində kömək, Azərbaycan üçün canıyananlıq, daha yaxın ünsiyyətə, birliyə həvəs gördüm. Tez-tez telefonuma Bakıdan zənglər gəlməsəydi, bəzən hətta harada olduğumu unudardım. Səfərimin, “Yalama” kitabına və “Əsgərlər unudulanda ölürlər” filminə həsr olunmuş tədbirlərin təşkilində İsveç-Azərbaycan Federasiyasının, Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının, xüsusilə Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan İncəsənət Cəmiyyətinin böyük əməyindən danışmaya bilmərəm. Kopenhagen, Malmö, Helsinqborq, Yöteborq, Stokholm, Toronto, Vaterlouda qazandığım dostlarımın hamısının adlarını isə sadalamaq olmayacaq. Bu insanların çoxunu illərlə tanısam da, biz məhz qürbətdə yaxınlaşdıq. Mən iki həftəliyinə onlarla birgə emiqrant həyatı yaşadım və gəldiyim qənaətləri sizinlə bölüşmək istəyirəm.

 

XXI əsrdə xaricdə elm, mədəniyyət, texnologiya, biznes sahələrində azərbaycanlıların yüksək intellektə və peşə bacarıqlarına malik təbəqəsi formalaşmaqdadır. Milli dəyərlərdən nəinki uzaqlaşmayan, əksinə, onlara yeni forma və nəfəs gətirən gənclik yetışdiyinə şahidlik etməyə hazıram. Bu, bizim daha güclü diaspor şəbəkəsi yaratmaq üçün qiymətli başlanğıc materialımızdır, çünki əvvəlki emiqrant nəsilləri bəlli səbəblərdən xeyli dərəcədə assimilyasiyaya uğrayıb. İndiki nəsillər isə doğma ölkəsinə xeyir vermək və ondan xeyir görmək arzu-ümidini itirməyib.

 

Amma nələrsə, kimlərsə onların bu istəklərinin gerçəkləşməsinə mane olur. Məhz həmin nələrin təsiri və kimlərin əməlləridir ki, duyduğun istilikdə bir az da sərinlik, yaxınlıq həvəsində ehtiyat sezirsən. Bu “nələr”in kökü çox dərindir. Onlar keçmişin təcrübəsindən doğub bəzi hallarda mental xüsusiyyətlərə çevriliblər. Azərbaycanəsillilər bu xüsusiyyətləri içlərində gəzdirir və hara getsələr, özləri ilə aparırlar.

 

Başqasının uğuruna qısqanclıqla yanaşmaq, özgəsinin haqqını əsirgəmək kimi naqisliklərlə burada da qarşılaşırsan. Amma diasporun potensialının açılmasına mane olan əsas səbəb “nələr”dən çox “kimlər”dir - Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla əlaqələrini həyata keçirən, bu sahədə yürüdülən siyasətə təsir göstərmək iqtidarında olan şəxslərdir.

 

Səfərdən əvvəl mən dövlətin diasporla münasıbətlərınə dair bəzi rəsmi sənədlərlə tanış oldum. Onların heç birində “bizdən olanlara kökə, bizdən olmayanlara kötək” direktivinə rast gəlmədim. Əslində isə Azərbaycan hökumətinin bu istiqamətdə fəaliyyəti uzun illər bölücülüyə, məhdud maraqlara xidmət edib, xaricdəki soydaşlarımızdan Azərbaycana yox, konkret siyasi qüvvəyə və şəxslərə sədaqət tələb olunub. Fərqinə də varılmayıb ki, vətəndən kənarda yaşayan azərbaycanlıların əksəriyyəti çoxdan oralarda məskunlaşmış insanlardan ibarət deyil, buradakı həyatdan, qayda-qanunlardan narazı qalanlardır və diasporumuzda ən fəal, aparıcı qüvvəni məhz həmin narazı təbəqə təşkil edir.

 

Hökumət özünə loyallıq göstərənlərə medal paylayıb, fərqli düşüncə sahiblərini isə “erməni havadarları” elan edib, bir qisminin ayağını vətəndən kəsib. Bu minvalla xaricdəki azərbaycanlıların da “vətənpərvər-satqın”, “iqtidarçı-müxalifətçi”, “medallı-medalsız” “fraksiyalar”a parçalanmasına rəvac verilib, arada çatlar əmələ gəlib.

 

Mən diasporumuzun portretində parlaq cizgilərlə yanaşı, o qaranlıq çatların izlərini gördüm. Hətta ümummilli məsələlərdə də “iqtidarçı”larla “müxalifətçi”ləri nadir hallarda yanaşı görmək olur. Təşkil edilən tədbirlərin mahiyyətindən çox, onların kim tərəfindən keçirildiyinə önəm verilir. Azərbaycanlıların əsasən gənclərdən ibarət geniş bir qrupu belə ayrı-seçkilikdən bezib ümumiyyətlə soydaşları ilə əlaqələrini məhdudlaşdırmağa, diaspor təşkilatlarından kənar gəzməyə meyl edir. Bu, heç də onlarda Vətən sevgisinin azalması anlamına gəlmir, hərçənd, nə zamansa kəmiyyətin keyfiyyətə keçməsi mərhələsinin yetişəcəyini unutmamalıyıq.

 

Hərdən Azərbaycanda islahatlara çağırışlar, son aylar Xarici İşlər Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) ölkədən kənarda yaşayan soydaşlarımızla nisbətən fərqli davranışı barədə də söz düşürdü. İsveçdə Azərbaycan təşkilatlarından birinin sədri 15 ildir Bakıda olmadığını, DİDK-dan zəngdən sonra bu yay gəlmək istədiyini dedi.

 

Amma Kanadaya çatanda “Zerkalo”da oxudum ki, AŞPA-dakı nümayəndəliyimizin rəhbəri “Emiqrantlar istədikləri vaxt Vətənə dönə bilərlər” deyən kimi ölkədə yenə onlar əleyhinə kampaniya başlayıb. Emiqrantları hədələyir, bəzilərinin qohum-əqrabasını incidirlər.

 

İsveçli soydaşımız yadıma düşdü. Sonra çox şeyləri göz önünə gətirdim və Torontoda həmyerlilərimizlə növbəti görüşə yığışa-yığışa fikirləşdim ki, Azərbaycana güc vermək üçün hər birimiz gərək əvvəlcə Vətəndən güc alaq.

Müəllif: Arif Əliyev