Natali Aleksanyan: “Ruhanilərin bəzi nümayəndələri siyasi müdaxilədən imtina etməsə, o zaman ictimai üsyan başlaya bilər”
Erməni Apostol Kilsəsi ilə ölkə hakimiyyəti, konkret desək, Baş nazir Nikol Paşinyan arasında gərginlik davam edir. Baş nazir kilsənin fəaliyyətini tənqid edir, müqəddəs işdən yayınaraq siyasi fəaliyyətlə məşğul olduğu iddiasını səsləndirir. Paşinyan Apostol Kilsəsinin müqəddəsliyini itirdiyini, dini dəyərlərə zidd addımlar atdığını iddia etdiyi halda kilsədən də Baş nazirin ünvanına ittihamlar gəlməkdədir.
Analitiklər hesab edirlər ki, kilsə və keşişlər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün mübarizədən geri çəkilmək niyyətindən uzaqdırlar. 2024-cü ildə keşiş Baqrat Qalstanyanla başlayan ədavət Erməni Apostol Kilsəsinin tamamilə ayaqlanması ilə yeni və yekun mübarizəyə start verib. Hətta keçmiş Prezident Levon Ter-Petrosyan da kilsəyə dəstəyini ifadə edərək Paşinyana qarşı çıxıb. Paşinyan isə hakimiyyətini qorumaq üçün addımlar atır, kilsənin nüfuzdan salınması prosesini başladıb.
Onu da qeyd edək ki, Paşinyan katalikos II Qareginin öz könüllü subaylıq əhdini pozduğu və övladının olduğu barədə sosial hesablarında paylaşımlar edib. Bununla yanaşı, Baş nazir yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcıllarına müraciət edib. Müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön plana çəkilib.
Paşinyan deyib ki, Müqəddəs Eçmiəzdin Baş iqamətgahının azad olunması və yeni katolikos seçkilərinin təşkili üçün fəal addımlar atılmalı və hazırkı mərhələdə yuxarıda qeyd olunan gündəliklə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaradılmalıdır.
"Koordinasiya Qrupunun üzvləri həm kişilər, həm qadınlar, həm ruhani, həm də dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani şəxslərin, xüsusilə monastır həyatına sadiq olanların subaylıq əhdini pozmamış olmaları vacibdir", - müraciətdə qeyd olunub.
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması ilə bağlı AYNA.AZ-ın suallarını erməni ictimai fəal Natali Aleksanyan cavablandırıb:
- Ermənistanda Paşinyanla kilsə arasında nə baş verir?
- Bu gün Ermənistanda Baş nazir Paşinyanla kilsə elitasının bəzi nümayəndələri arasında açıq qarşıdurma görünür. Paşinyan kilsənin həqiqi mənəvi missiyasını bərpa etməyə, onu siyasi mövqelərdən uzaqlaşdırmağa çalışır. Kilsə daxilindəki bəzi dairələr dünyəvi dövlətdə qəbuledilməz olan hakimiyyətin tənqidinə açıq şəkildə qarışır. Üstəlik, bu gün Ermənistan üçün real təhlükə keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan və ya Serj Sarkisyan deyil, məhz bu din xadimi və onun rus əsilli qardaşı Ezrasdır ki, onlar da yazılanlara görə, daxildən sabitliyi pozmaqla məşğuldurlar. Amma erməni xalqı bu gün artıq müdrikdir, mürəkkəb oyunları anlayır və Baş nazirin yanındadır.
- Qarşılıqlı ittihamlar və kilsə-hakimiyyət savaşı nə ilə nəticələnə bilər?
- Hakimiyyət qətiyyətlidir. Ruhanilərin bəzi nümayəndələri siyasi müdaxilədən imtina etməsə, o zaman ictimai üsyan başlaya bilər. Cəmiyyətin əhəmiyyətli bir hissəsi narazıdır və arxiyepiskop artıq ictimai etimad daşıyıcısı kimi nüfuzdan salınıb, özünü bu statusdan kənarlaşdırıb.
- Kilsənin addımlarının hakimiyyətə can atan “Qarabağ klanı” adlandırılan müxaliflərlə hansı bağ var?
- Çoxsaylı faktlar və ifşalar göstərir ki, bəzi yüksək rütbəli ruhanilər “Qarabağ klanı”nı açıq şəkildə dəstəkləyirlər. Katolikos Ktriç Nersisyanın taxta oturduğu 1999-cu ili və həmin günlərdə hansı ağrılı siyasi hadisələrin baş verdiyini unutmamalıyıq. Bu tarixi presedent kilsənin siyasi hesablamalara qarışmasının nə qədər təhlükəli olduğunu göstərir.
- Sabiqlər kilsə vasitəsilə hakimiyyəti ələ keçirə bilərmi?
- Qanuni olaraq, yox. Lakin əsrlər boyu xalqın birliyinin simvolu olan kilsənin yüksək nüfuzundan istifadə edərək ictimai şüuru manipulyasiya etmək və qanuni hakimiyyəti devirməyə cəhd mümkündür. Bu isə birbaşa siyasi mexanizmlər olmadan dövləti daxildən sarsıtmaq cəhdidir.
- Baş verənlər Ermənistanda gələn il keçiriləcək parlament seçkilərlə nə dərəcədə əlaqəlidir?
- Bu proseslər həm də seçkilərlə birbaşa bağlıdır. Seçkilər qütbləşmənin yeni zirvəsinə çevrilə bilər. Bəzi qruplar artıq kilsənin nüfuzundan istifadə edərək hökumət əleyhinə ittifaq yaratmağa çalışaraq “dördün birə” oynayırlar. Ancaq əminəm ki, erməni xalqı bu dəfə mənəviyyat adına siyasi spekulyasiyalara yol verməyəcək. Baş nazir müdrikdir, dövlət maraqları ən yüksək dəyərdir və biz dövlətçiliyin yanında olacağıq.