Siyasətin qəliz dili

Arif Əliyev

28.11.2019 - 19:50

Prezidentdən keçmiş dövlət rəhbərləri və müxalifətə ittihamlar barədə

 

Ardıcıl olaraq neçənci tədbirdir ki, Azərbaycan prezidenti keçmiş hakimiyyətlərin, dövlət rəhbərlərinin, müxalifətin ünvanına ağır ittihamlar söyləyir, çıxışının bir hissəsini onları “xəyanətdə, satqınlıqda”, ölkənin mənafeyinə qəsdən ziyan vurmaqda suçlamağa sərf edir. Tədbirlərin yerinin və mövzusunun bəzən daxili siyasi münasibətlərə aidiyyəti olmur: Soçidə “Valday” beynəlxalq diskussiya klubu, Aşqabadda MDB dövlət başçılarının zirvə toplantısı, Sumqayıtda şəhərin 70 illiyi, Bakıda Dövlət universitetin 100 illik yubileyi… Cümlənin sonundakı üç nöqtə prosesin davam edəcəyi barədə düşüncəmi əks etdirir. Çünki bu, hansısa qıcığa ötəri reaksiyaya deyil, ölçülüb-biçilmiş kursa bənzəyir. Sanki gərgin seçkiqabağı dövrdür…

 

Mən bilmirəm, həmin kursun zəruriliyi “yuxarılarda” necə əsaslandırılır. Amma aydındır ki, prezidentin hazırkı məsləhətçiləri bunu məqsədəuyğun sayır, təzə spiçrayterlərə belə tezislər verilir. Çox ehtimal ki, söhbət hakimiyyət əleyhinə qızğın təbliğatın təsiri altında olan gənclərin beyinləri uğrunda mübarizədən gedir. Forma və ifadə tərzi etibarı ilə prezidentin müxalifət haqqında son vaxtlar davamlı olaraq dedikləri, müxalifətin prezident haqqında illərdir söylədiklərinin güzgü kimi əksini təşkil edir.

Arif Əliyev