Viza məhdudiyyətləri isə əlavə 15 ölkəyə tətbiq ediləcək
Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarının ABŞ-a girişi tamamilə qadağan olunacaq. Viza məhdudiyyətləri isə əlavə 15 ölkəyə tətbiq ediləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda vurğulanıb.
“Son araşdırmaya əsasən, daha beş ölkə üçün tam giriş məhdudiyyətləri tətbiq olunur: Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriya... Əvvəllər qismən məhdudiyyətlərə məruz qalan iki ölkə üçün də tam və giriş məhdudiyyətləri tətbiq olunur: Laos və Syerra-Leone", - deyə məlumatda qeyd edilib.
Bəyanatda daha 15 ölkə üçün qismən viza məhdudiyyətlərinin tətbiq olunduğu bildirilib. Söhbət Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabvedən gedir.
Ağ Ev Türkmənistan vətəndaşlarının artıq yenidən qeyri-immiqrant vizaları almasına icazə verildiyi barədə məlumat yayıb. İmmiqrantlar üçün giriş məhdudiyyətləri qüvvədə qalır. Sənəddə deyilir ki, qərar Aşqabadın "əhəmiyyətli irəliləyiş" nümayiş etdirməsindən və Vaşinqtonla konstruktiv əməkdaşlıqdan sonra verilib.
"Vzglyad" qəzeti yazıb ki, ABŞ hakimiyyəti hər bir müraciətçi hərtərəfli yoxlanılana qədər sığınacaq qərarlarını dayandırıb. Bu, Ağ Evin yaxınlığında baş verən atışmadan sonra olub. Həmin atışmada Əfqanıstan vətəndaşı atəş açaraq iki ABŞ Milli Qvardiyası əsgərini ağır yaralayıb. Onlardan biri ölüb.