Onların hamısı vəzifələrinə Co Baydenin administrasiyası dövründə təyin ediliblər
ABŞ administrasiyası xaricdəki 29 diplomatik nümayəndəlik rəhbərini geri çağırmağı planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Dövlət Departamentinin iki rəsmisinə istinadən məlumat yayıb.
Məlumatna görə, diplomatlara ötən həftə səlahiyyət müddətlərinin 2026-cı ilin yanvar ayında başa çatacağı barədə qeyd edilib. Onların hamısı vəzifələrinə ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə təyin ediliblər.
Agentliyin mənbələri qeyd edib ki, geri çağırılan diplomatik nümayəndəlik rəhbərləri diplomatik xidmətdəki vəzifələrini itirməyəcəklər. İstəsələr, Vaşinqtona qayıdıb başqa vəzifələri tuta biləcəklər.
Dövlət Departamenti səfirlərin dəqiq sayını açıqlamaqdan imtina edib, lakin bildirilib ki, bu cür kadr dəyişiklikləri istənilən administrasiya üçün standart təcrübədir.
Departament rəsmisi vurğulayıb ki, səfirlər prezidentin şəxsi nümayəndələri hesab olunur və onların öz ölkələrində xidmət edən diplomatların "Amerika Birinci" gündəliyini irəli sürməsini təmin etmək hüququ var.
Agentlik qeyd edib ki, geri çağırışların ən çoxu Afrika ölkələrindən olub - Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda da daxil olmaqla 13 ölkədə səfirlər dəyişdiriləcək.
Asiya ikinci yerdə qərarlaşıb və diplomatik nümayəndəliklərin rəhbərlərində dəyişikliklər altı ölkəyə təsir edib: Fici, Laos, Marşal Adaları, Papua Yeni Qvineya, Filippin və Vyetnam.
Bundan əlavə, rotasiya dörd Avropa ölkəsinə - Ermənistan, Makedoniya, Monteneqro və Slovakiyaya, iki Yaxın Şərq ölkəsinə - Əlcəzair və Misirə, Cənubi və Mərkəzi Asiya ölkələrinə - Nepal və Şri-Lankaya, eləcə də Qərb yarımkürəsi ölkələrinə - Qvatemala və Surinamı əhatə edəcək.