ABŞ vətəndaşı olan rus barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib
Moskvanın Ostankino Məhkəməsi ABŞ vətəndaşı Robert Vudlend Romanovu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi üzrə həbs edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, yanvarın 6-da ABŞ vətəndaşı barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Yanvarın 5-də 32 yaşlı kişi külli miqdarda narkotik vasitələrin qanunsuz daşınmaslna cəhddə ittiham olunaraq saxlanılıb. Vəkilləri onun ev dustaqlığına buraxılmasını istəsələr də, məhkəmə onların vəsatətini rədd edib.
Robert Rusiyada anadan olub. 1993-cü ildə uşaq ikən onu amerikalı ailə Perm uşaq evində götürüblər. Amerikalılar - Devid və Marsiya Vudland bunun üçün 10 min dollar ödəyiblər.
İllər sonra Robert Rusiyaya qayıdıb, Moskva yaxınlığındakı Dolqoprudnıda məskunlaşıb və ingilis dilini tədris edən mərkəzdə işə düzəlib. 2020-ci ildə isə doğma anası ilə tanış olub.