Danışıqlar eyni formatda, amma Oman əvəzinə Cenevrədə keçiriləcək
İran-Amerika danışıqları gələn çərşənbə axşamı davam edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Kanal 12”nin jurnalisti Barak Ravid ABŞ rəsmisinə və üç digər mənbəyə istinadən məlumat yayıb.
Bildirib ki, danışıqlar eyni formatda, lakin Oman əvəzinə Cenevrədə keçiriləcək.
Danışıqların mövzusu nüvə proqramı olacaq. ABŞ administrasiyasını Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, İranı isə xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.
Danışıqlar yenə dolayı olacaq: Omanın xarici işlər naziri Bədr əl-Busaidi Cenevrəyə gedəcək.
Danışıqların ikinci mərhələsi başlamazdan əvvəl ABŞ və İran qeydləri müqayisə ediblər: Vaşinqtondakı bir mənbə bildirib ki, Uitkoff problemin həlli üçün ABŞ-ın vizyonu ilə bağlı əl-Busaidi vasitəsilə iranlılara bir neçə məqamı çatdırıb. Ötən çərşənbə axşamı İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Larcaninin Omana səfəri zamanı ABŞ-ın tələbləri ona çatdırılıb. Laricani özü bunu İran televiziyasına verdiyi müsahibədə bildirib.
Cümə günü Donald Tramp yenidən jurnalistlərə bildirib ki, Tehranla hər hansı bir razılaşma sıfır səviyyəli uran zənginləşdirməsini əhatə etməlidir. Ayətullah Xameneyi və İranın xarici işlər naziri Əraqçi ötən həftə İranın ehtiyac duyduğu qədər uranı zənginləşdirmək hüququna malik olduğunu bildiriblər. Tramp isə deyib ki, “USS Gerald Ford” təyyarədaşıyan gəmisi tezliklə Karib dənizindən Yaxın Şərqə üzəcək və danışıqlar uğursuz olarsa, "İran üçün çox pis bir gün olacaq".
Şimali Karolinadakı hərbi bazada çıxış edən Tramp İranla danışıqları "çətin" adlandırıb və bölgədə hərbi gücün artırılmasının səbəbini izah edib: "Bəzən razılığa gəlmək üçün qorxmaq lazımdır".
Tramp danışıqlar fəlsəfəsini izah edərək bildirib ki, "problemi həll edəcək yeganə şey budur".
Tramp ilk dəfə olaraq Tehranda rejim dəyişikliyinin mümkünlüyü barədə açıq danışıb: “Bu, baş verə biləcək ən yaxşı şey olardı. Onlar 47 ildir ki, danışırlar, danışırlar və danışırlar. Bu arada, onlar danışarkən çoxlu insan itirdik."
Vaşinqton mənbələri “Reuters” agentliyinə bildiriblər ki, ABŞ ordusu Yaxın Şərqdə uzunmüddətli müharibəyə hazırlaşır. Onlar deyirlər ki, Prezident əmr verərsə, müharibə həftələrlə davam edə bilər və ABŞ ilə İran arasında münasibətlər tarixində ən ciddi münaqişə ola bilər.