ABŞ-ın Demokratlar Partiyasının Milli Qurultayı başlayır

Dünya

17.08.2020 - 16:34

Co Bayden prezidentliyə namizəd olmağa rəsmən razılıq verəcək

 

ABŞ-ın Demokratlar Partiyasının koronavirus pandemiyası səbəbindən onlayn şəkildə keçiriləcək seçkiöncəsi Milli Qurultayı başlayır. AYNA xarici mediaya istinadən bildirir ki, bu gün başlayan Qurultayda siyasətçi Berni Sanders, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama, qubernatorlar Endri Kuomo ilə Emi Klobuçar çıxış edəcəklər.

 

Sabah isə Senatdakı demokratik azlığın lideri Çak Şumer, sabiq dövlət katibi Con Kerri, ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio, sabiq Prezident Bill Klinton və partiyanın prezidentliyə ehtimal olunan namizədi Co Baydenin həyat yoldaşı Cill Bayden çıxış edəcəklər.

 

Avqustun 19-da isə ABŞ-ın sabiq Prezidenti Barak Obama, senator Elizabet Uorren, vitse-prezident postuna namizədliyini irəli sürən senator Kamala Harris və spiker Nensi Pelosi çıxış etməlidirlər.

 

Milli Qurultayın sonuncu günü, avqustun 20-də isə ABŞ Prezidenti olmağa iddialı, Demokratik Partiyanın namizədi olacağı gözlənilən Co Bayden çıxış edəcək. O çıxışında noyabrda keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmağa rəsmən razılıq verməlidir..

 

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə ali dövlət postu uğrunda respublikaçıların namizədi ABŞ-ın hazırkı Prezidenti Donald Tramp olacaq.

Müəllif: Ayna.az